Azərbaycan, Bakı, 2 may /Trend/
Ədliyyə Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında velosiped yürüşü təşkil ediləcək. Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, onların asudə vaxtının səmərəli təşkil olunması və günün əhəmiyyətinin onlara aşılanmasıdır.
Saat 10-da başlanacaq tədbir "Dövlət Bayrağı Meydanı"ndan start götürməklə "Heydər Əliyev Mərkəzi"nin qarşısında başa çatacaq.
Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped və baş geyiminin olması mütləqdir. Arzu edənlərdən mayın 3-də saat 09:30-da Dövlət Bayrağı Meydanına gəlmələri xahiş olunur.