Azərbaycan, Bakı, 9 noyabr /Trend/
Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Mingəçevir Reqatası keçirilib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mingəçevirdəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində keçirilmiş ənənəvi reqatada müxtəlif yaş qrupları üzrə Azərbaycan, Gürcüstan və Ukraynanın 100-dən artıq idmançısı mübarizə aparıb.
Əksər yürüşlərdə Azərbaycan idmançıları üstün olublar. Ən ciddi rəqabət böyüklərin mübarizəsində yaşanıb. Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə qalib adını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Boris Yotov qazanıb. 19 yaşlı avarçəkən finişə 7 dəqiqə 21,06 saniyəyə çatıb. B.Yotov olimpiadada onunla birgə 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparacaq yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu Aleksandr Aleksandrovu 0,53 saniyə üstələyib. Üçüncü yeri isə finişə 7 dəqiqə 35,06 saniyəyə çatan Cavid Əfəndiyev tutub.
Daha bir gözlənilməz nəticə kayakçıların 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qeydə alınıb. Tamerlan Mustafayev 23 yaşadək kayakçılar arasında 2014-cü il Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadovu üstələməyi bacarıb. T.Mustafayev finişə 39,64 saniyəyə hamıdan öndə çatdığı halda, M.Cavadov bu məsafəni 40,22 saniyəyə qət edərək dördüncü yerlə kifayətlənib. Yevgeni Karabuqa 40,08 saniyə nəticə ilə ikinci, Maksim Minin isə 40,72 saniyə göstərici ilə üçüncü olub.
Kanoeçilərin mübarizəsində isə Nikita Sablin mütləq qalib olub. Gənc idmançı özündən 1 nəfərlik qayıqla hər 3 məsafədə yürüşdə rəqiblərini üstələyib. O, 200 metr məsafəni 44 saniyəyə qət edərək, Kupini 1 saniyə geridə qoyub. 3-cü yeri 47,48 saniyə nəticə ilə Gürcüstan təmsilçisi Malxaz Tsintçaraşvili tutub.
500 metr məsafəyə yürüşdə N.Sablin 2 dəqiqə 4 saniyə nəticə göstərdiyi halda, Taras Matviyçuk finişə 2 dəqiqə 6 saniyəyə, Aleksey Kupin isə 2 dəqiqə 7 saniyəyə çatıb. 1000 metr məsafəyə yürüşə gəldikdə, 4 dəqiqə 34 saniyəlik göstərici ilə birinci olan Sablin Kupini 1 saniyə qabaqlayıb.
Qeyd edək ki, Beynəlxalq Mingəçevir Reqatasında yüksək nəticələr göstərən Azərbaycan idmançıları müvafiq yığma komandaların heyətinə cəlb olunaraq, təlim-məşq toplanışlarına qatılacaqlar.