Bakı. Trend:
Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərimizdən 13 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ötən ay Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimizin qazandığı 3 qızıl, 4 gümüş və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.
Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev Qızıl Qran-Pri turnirini də qalib tamamlamaqla öz çəki dərəcəsində reytinqdəki mövqeyini gücləndirib. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) Qızıl Qran-Pri turnirində də analoji nəticəni göstərib və reytinqdə ikinciliyini qoruyub.
Mövqeyini dəyişməyən daha bir güləşçimiz olimpiadanın ikiqat bürünc medalçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumovdur (97 kq). O, reytinqdə 3-cü yerdə qərarlaşıb.
Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifov isə müvafiq olaraq bir pillə irəliləyiblər. Qızıl Qran-Pri turnirinin gümüş mükafatını qazanan təmsilçilərimiz 4-cü və 6-cı yerə yüksəliblər.
57 kq
15. Mahir Əmiraslanov - Qızıl Qran-Pri 3-cü yer (18)
61 kq
1. Hacı Əliyev - Qızıl Qran-Pri 1-ci yer (1)
65 kq
4. Toğrul Əsgərov - Qızıl Qran-Pri 2-ci yer (5)
18. Coşqun Əzimov - Əli Əliyev turniri 1-ci yer (nr)
70 kq
10. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (8)
74 kq
13. Cəbrayıl Həsənov - Qızıl Qran-Pri 1-ci yer (20)
86 kq
5. Məhəmmədhacı Xatiyev - dünya çempionatı 5-ci yer (5)
13. Aleksandr Qostiyev - Qızıl Qran-Pri 1-ci yer (nr)
16. Nurməhəmməd Hacıyev - Qızıl Qran-Pri 2-ci yer (nr)
97 kq
3. Xetaq Qazyumov - dünya çempionatı 3-cü yer (3)
6. Şərif Şərifov - Qızıl Qran-Pri 2-ci yer (7)
20. Aslanbek Alborov - Qızıl Qran-Pri 3-cü yer (nr)
125 kq
2. Cəmaləddin Məhəmmədov - Qızıl Qran-Pri 2-ci yer (2)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.