Bakı. Cani Babayeva - Trend:
Hər şey çox yaxşı keçdi, hər şey əladır, mühit mənim xoşuma gəldi.
Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxşından sonra Böyük Britaniya gimnastı Peter Buravitski deyib.
P.Buravitski vurğulayıb ki, təşkilatçılıq yüksək səviyyədədir:
"İdmançılar və məşqçilər üçün bütün şərait yaradılıb, hər şey çox rahatdır".
Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb.
Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir.
Azərbaycanı birinci gün yarışlarda Selcan Maqsudova, Riyad Abbasov və Mixail Malkin təmsil edir.
Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.
Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.
Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.
Çempionat aprelin 15-ə kimi davam edəcək.