...

Polo üzrə Avropa çempionatında Azərbaycan millisi finala yüksəlib (FOTO)

İdman Materials 28 Sentyabr 2018 17:52 (UTC +04:00)
İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatında bu gün 4-cü turun oyunları keçirilib.
Polo üzrə Avropa çempionatında Azərbaycan millisi finala yüksəlib (FOTO)

Bakı. Samir Əli - Trend:

İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatında bu gün 4-cü turun oyunları keçirilib.

Trend-in məlumatına görə, çempionatın 4-cü turunda “A” qrupunun liderləri – Azərbaycan və İrlandiya milliləri görüşüblər. Bu qarşılaşmaya qədər hər iki komanda 3 qələbə qazanaraq turnir cədvəlinin 1-ci və 2-ci pillələrini bölüşürdülər.

Hazırki Avropa çempionu olan İrlandiya komandası ilə gərgin mübarizə şəraitində keçən görüş bütün azarkeşlərə həyacan dolu dəqiqələr yaşadıb. Güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirən idmançılarımız rəqiblərini 5:3,5 hesabı ilə məğlub edərək Azərbaycan atçılıq idmanı tarixində ilk dəfə olaraq Avropa çempionatının finalına yüksəliblər.

Mübarizəni Avropa birinciliyinin bürünc medalları uğrunda davam etdirmək məcburiyyətində qalan İrlandiya yığması ilə qarşılaşmada idmançılarımızdan Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Xatırladaq ki, atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını isə 11:7 hesabı ilə məğlub etmişdi.

Sabah çempionatın “B” qrupunun oyunları keçiriləcək. Avstriya ilə Almaniya, İtaliya ilə İsveçrə komandaları qarşılaşacaqlar. Lakin bu oyunların nəticələrindən asılı olmayaraq İtaliya komandası artıq finalda, Almaniya komandası isə 3-cü yer uğrunda görüşdə iştirak etmək hüququ qazanıblar.

Polo üzrə Avropa Çempionatının 30 sentyabr tarixində keçiriləcək final oyununda Azərbaycan və İtaliya komandaları, 3-cü yer uğrunda oyunda isə İrlandiya və Almaniya yığmaları qarşılaşacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti