...

Boks üzrə Avropa birinciliyi: 2 çempionluq şansı, 1 bürünc medal

İdman Materials 16 Oktyabr 2018 12:07 (UTC +04:00)
Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib.
Boks üzrə Avropa birinciliyi: 2 çempionluq şansı, 1 bürünc medal

Bakı. Trend:

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 3 üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Churova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub. O, finalda ingiltərəli Jo Makqraili sınağa çəkəcək.

Çempionatda 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. Türkiyəli Əmir Böyükdağa, belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib. M.Allahverdiyev gərgin keçən döyüşdə qələbə qazanıb. Yığmamızın üzvü çempionluq üçün Patrik Myerslə (İrlandiya) qüvvəsini sınayacaq.

Digər boksçumuz Əhməd Əhmədov (80 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağır çəkili idmançımız macarıstanlı Levent Kissə uduzub. O, yarımfinalda yarışla vidalaşdığından 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti