Bakı. Trend:
İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST. MORITZ” dünya kuboku turniri davam edir.
Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun Vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançılar diyarı olmasını nümayiş etdirir.
24 yanvar tarixinə təyin olunmuş ilk oyun günündə Azərbaycan idmançıları “Badrutt’s Palace Hotel” komandası ilə qarşılaşmışlar.
1985-ci ildən etibarən 36 illik tarixə malik qar üstündə dünya kubokunun daimi iştirakçılarından olan, oyunçularının handikapı çox yüksək olan “Badrutt’s Palace Hotel” komandası idmançılarımızın müqavimətini dəf edə bilməmişdir. Gərgin və güzəştsiz mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rəqiblərini 8-4 hesabı ilə məğlub etmişlər. Baş məşqçisi Namiq Orucov olan komandamızın kapitanı Elçin Camallı qarşılaşmada xüsusi fərqlənmiş, digər oyunçular – Rəşad Həsənov, Əli Rzayev, Pato Bolanteiro, Agustin Kronhaus, Santiago Marambio də ümumi qələbənin əldə olunmasında mühüm töhfə veriblər.
Günün digər qarşılaşmasında “St. Moritz” komandası 6:31/2 hesabı ilə “Mazetati” komandasına qalib gəlmişdir.
Bu gün Bakı vaxtı ilə saat 15:00-da “St. Moritz” komandası ilə qarşılaşacaq komandamız bu görüşdə də qalibiyyət əldə edərsə birbaşa finala yüksələcəkdir.
Turnirdə "Land of Fire" komandası Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə iştirak edir.