Bakı. Trend:
Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah İtaliyanın Roma şəhərində keçirilən Üzgüçülük üzrə Avropa Birinciliyində finala vəsiqə qazanıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti milli komandanın baş məçqçisi Rəşad Əbdürrəhmanova istinadən yayıb.
Məlumatda bildirilir ki, üzgüçülük üzrə milli komandanın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafədə batterflay üsulunda 27.12 saniyə göstərici ilə finala yüksəlib. “Bu, Azərbaycan üzgüçülük tarixində bir ilkdir. Bu yarışda Avropanın üzgüçülük üzrə çox güclü milli komandalarının yüksək nəticələr göstərən idmançıları iştirak edir. Azərbaycan üzgüçüsünün belə bir mötəbər turnirdə finala vəsiqə qazanması böyük uğur hesab oluna bilər” - deyə, Rəşad Əbdürrəhmanov əlavə edib.
Baş məşqçinin sözlərinə görə, bu yarışda ölkəmizi milli komandamızın digər üzvü olan Ramil Vəlizadə də təmsil edir: "Bu üzgüçümüzdən də yüksək nəticələr gözləyirik. Bu Avropa Birinciliyində üzgüçülərimizin uğur qazanacağına böyük ümidlərimiz var. Ramil Vəlizadə beynəlxalq turnirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək gücündə olan idmançıdır. Ümidvaram ki, o da Məryəm Şeyxəlizadəxangah kimi ən azı final mərhələsinə vəsiqə qazanmaq gücündədir".
Məlumat üçün bildirək ki, Romada keçirilən Avropa Birinciliyində 48 ölkədən 304 kişi, 261 qadın olmaqla ümumilikdə 565 idmançı gücünü sınayır.