Bakı. Trend:
Adrian Mutu “Neftçi”nin baş məşqçisi təyin olunub
Trend xəbər verir ki, 11 iyul 2023-cü il tarixində “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı futbol mütəxəssisi Adrian Mutu ilə görüşüb.
Görüşdə “Neftçi” PFK-nın hazırki durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.
Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.
“Neftçi” PFK-nın baş məşqçisi təyin olunmasından şərəf duyduğunu bildirən Adrian Mutu deyib: “Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına mailk klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.
Xatırladaq ki, ötən mövsüm “Neftçi” PFK-nı çalışdıran baş məşqçi Laurentsiu Regekampf və onun köməkçiləri ilə iyunun 21-də yollar ayrıldıqdan sonra bir sıra namizədlərlə danışıqlar aparılıb, onların arasından klubumuzla maraqları üst-üstə düşən, bacarıq və potensialı ən yüksək olan mütəxəssislə anlaşılıb.
Yeni baş məqşçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq, bu xüsusda mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub.
Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu
ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Hellas
Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə
“Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının
formasını geyinib, Rumıniya milli komandasının heyətində 77 oyun
keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə
Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.
Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl Vəhdə” U-21 (BƏƏ,
2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021),
“Universitatya Krayova” (Rumıniya, 2021) və “Rapid”in (Buxarest,
Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı
məşqçilik lisenziyasına malikdir.