Bakı. Trend:
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Lüdoqorets”in qonağı olan “Qarabağ” əlavə vaxtda rəqib qapısından 4 top keçirib.
Trend İdman.biz-ə istinadən qitə klub turnirlərində daha öncə əlavə vaxtlarda belə məhsuldarlıq qeydə alınan oyunlara nəzər yetirib.
“Qarabağ”ın etdiyini ilk dəfə 51 il öncə - 1973-cü il noyabrın 7-də “Ştutqart” UEFA kubokunun 1/16 finalında rəqibinə yaşadıb. Evdə 3:1 hesablı qələbə qazanan alman klubu Çexoslovakiyanın Preşov şəhərində yerli slovak klubu “Tatran”a 90 dəqiqədə eyni hesabla yenilərək matçın əlavə vaxta daşınmasına imkan verib. Əlavə 30 dəqiqədə Razqradda yaşananlar baş verib. 95-ci dəqiqədə Hondşux fərqi minimuma endirib. 5 dəqiqə sonra ev sahiblərinin kapitanı Turçanyi avtoqolu ilə matçın hesabının bərabərləşməsinə səbəb olub. 115-ci dəqiqədə Hondşux bir daha preşovluları meydanın mərkəzinə dəvət edib. Nəhayət, 117-ci dəqiqədə Olixer matçda son nöqtəni qoyub.
Beləliklə, əlavə vaxt 0:4, matç isə 3:5 hesabı ilə nəticələnib. Ümumi hesab isə elə “Lüdoqorets” – “Qarabağ” rəqabətinin yekunu kimi 4:8 olub.
4 il sonra yenə UEFA kuboku, yenə 1/16 final, yenə noyabr (bu dəfə 2-si) və yenə bir komanda əlavə vaxtda 4 qol vurub. Bu dəfə, fərqli olaraq, gülən tərəf ev sahibi olub. Səfərdə “Latsio”ya 0:2 hesabı ilə yenilmiş “Lans” evdə eyni hesablı qələbə ilə matçın 90 dəqiqəyə bitməsinə imkan verməyib.
Əlavə vaxtın ilk yarısı hesaba dəyişiklik gətirməyib. Nə olubsa, son 15 dəqiqədə olub. 109-cu dəqiqədə Bousdira fransalıları ümumi hesabda irəli çıxarıb. Əsas vaxtda 2 qol vurmuş Sis 115-ci dəqiqədə het-trikini rəsmiləşdirib. 94-cü dəqiqədə meydana çıxmış Djeballi 118 və 119-cu dəqiqələrdə vurduğu qollarla əlavə vaxtın hesabını 4:0, matçın hesabını 6:0, ümumi hesabı 6:2 edib.
“Qarabağ”dan öncə sonuncu dəfə əlavə vaxtda 4 qol vuran 6 il bundan öncə “Zenit” olub. Lakin piterlilər həmin 30 dəqiqədə ilk qolu özləri buraxaraq, əlavə vaxtı 4:1 hesablı üstünlüklə başa vurublar.
Bu hadisə 2018-ci il avqustun 16-da Avropa Liqasının 3-cü təsnifat mərhələsində Rusiyanın Şimal paytaxtında Minsk “Dinamo”su ilə oyunda yaşanıb. Ev oyununda 4:0-lıq üstünlük qazanan Belarus futbolçuları cavab matçına arxayın çıxıblar.
Nəticədə “Zenit” minskliləri cəzalandıraraq, 90 dəqiqəyə 4 qolun 4-ünün də əvəzini çıxıb. Lakin piterlilərin qol yağışı bununla bitməyib. Doğrudur, əlavə vaxtda ilk fərqlənən qonaqlar olub. Yaxaya 99-cu dəqiqədə fərqlənərək hesabı “Dinamo”ya sərfəli məcraya yönəldib.
Ancaq son 15 dəqiqə “Zenit” şousu olub. Driussi 108-ci dəqiqədə ümumi hesabı yenidən bərabərləşdirib. 115-ci dəqiqədə Dzyuba fərqlənib. 120-ci dəqiqədə isə Mak iki qolla Belarus futbolçularının bütün ümidlərinin üstündən xətt çəkib. Beləliklə, əlavə vaxt 4:1, matç 8:1, ümumi rəqabət isə 8:5 hesabı ilə nəticələnib.
Qeyd edək ki, “Qarabağ” Toral Bayramov, Redon Cica, Patrik Andrade və Yassin Benzianın qolları ilə “Lüdoqorets”i əlavə vaxtda 4 dəfə məyus edib.