...

Cənub-Qərb nəqliyyat dəhlizindən yükdaşımalarına start verilib (FOTO)

İqtisadiyyat Materials 22 Sentyabr 2016 11:43 (UTC +04:00)
Azərbaycanın tranzit potensialını artıracaq TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yanaşı mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də, Cənub–Qərb nəqliyyat dəhlizi hesab olunur.
Cənub-Qərb nəqliyyat dəhlizindən yükdaşımalarına start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın tranzit potensialını artıracaq TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yanaşı mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də, Cənub–Qərb nəqliyyat dəhlizi hesab olunur.

Dəhliz Hindistan / İran Körfəzi–İran–Azərbaycan–Gürcüstan–Qara dəniz–Avropa marşrutu üzrə fəaliyyət göstərəcək.

“ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə də yükdaşımalara başladı. Ilk olaraq şirkət, test məqsədi ilə İrandan 4 yük avtomobilində Astara sərhəd məntəqəsindən qəbul edilmiş 90 ton yüngül distilat neft məhsulunu Astara neft terminalında 2 ədəd çən vaqonlarına aşırıb və yaxin zamanda Astara dəmir yolu stansiyasından Gürcüstanın Batumi stansiyasına yola salınacaq. Batumi dəniz limanından yük Qara dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılacaq.

“ADY Express” şirkətindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə bu yükün həcmi aylıq 10 min ton səviyyəsində olacağı, perspektivdə isə bir neçə dəfə artacağı gözlənilir. Onu da vurğulayaq ki, həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astara dəmir yolu stansiyasında vaqonlara yüklənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərman və bu fərmandan irəli gələn Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaların tətbiq edilməsi nəticəsində mümkün olub.

Həmin Qərara əsasən, Azərbaycan ərazisindən, sonrakı nəqli dəmir yolları vasitəsilə edilməsi şərti ilə, yükləri daşıyan xarici avtomobil nəqliyyat vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları rəqabətə davamlı etməklə, nəqliyyat dəhlizlərinin iqtisadi səmərəliliyini artırıb. Nəticədə alternativ marşrutlardan Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlara yüklərin cəlb olunması üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, Cənub–Qərb nəqliyyat dəhlizi üzrə razılaşma, “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü ilə 2016–cı ildə Azərbaycan, Gürcüstan, İran və Ukrayna tərəfindən Bakıda imzalanıb. Qeyd olunan nəqliyyat dəhlizinin inkişaf perspektivi realdır. Belə ki, Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini ildən-ilə genişləndirən Hindistan, İran və Körfəz dövlətlərinin potensialından bəhrələnərək Azərbaycan hökümətinin müvafiq nəqliyyat strukturları bu dövriyyənin əsasən Azərbacan üzərindən tranzit keçişini artırmaqla dövlətimizin iqtisadi qüdrətinə öz töfhələrini vermiş olarlar. Cənub–Qərb Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Misal üçün əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hindistandan Avropaya təqribi olaraq 30-40 gün təşkil edirsə, Cənub–Qərb Tranzit Dəhlizi ilə bu müddət 15 gün olacaq.

Bir sözlə, əlverişli coğrafi mövqe, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr sırasında bu dəhlizin yer alması Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli və çoxşaxəli şəkildə istifadə edilməsinə geniş imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti