Bakı - Trend:
Azərbaycan və Rusiya qeyri-neft sektorunda münasibətlərin inkişafı perspektivlərinə malikdir. Trend-in məlumatına görə, bunu Bakıda bu gün öz işinə başlamış VII Azərbaycan-Rusiya Regionlararası Forumda çıxışı zamanı Rusiya Prezident Administrasiyasının xarici dövlətlərlə regionlararası və mədəni əlaqələr İdarəsinin sədri Vladimir Çernov verib.
Rusiya rəsmisinin sözlərinə görə, Azərbaycan qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində çox irəliləyib və bu sahələrdə Rusiya üçün maraqlı və perspektivli tərəfdaşa çevrilə bilər.
Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.
Forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.
Sonra Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən Prezident Vladimir Putinin məktubu oxunub.
Forum çərçivəsində plenar iclas, sənaye, turizm, aqrar, humanitar sahələr üzrə “dəyirmi masa”lar və Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.
Forumda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.