...

"Silk Way Airlines" daha bir "Boeing 747-8F" yük təyyarəsi alıb (FOTO)

İqtisadiyyat Materials 7 Aprel 2017 15:15 (UTC +04:00)
"Silk Way Airlines" hava gəmiləri parkına daha bir "Boeing 747-8F" yük təyyarəsi əlavə edib.
"Silk Way Airlines" daha bir "Boeing 747-8F" yük təyyarəsi alıb (FOTO)

Bakı. Trend:

"Silk Way Airlines" hava gəmiləri parkına daha bir "Boeing 747-8F" yük təyyarəsi əlavə edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın yük aviaşirkəti "Silk Way Airlines"-a məxsus yeni "Boeing 747-8F" təyyarəsinin gətirilməsi ilə əlaqədar rəsmi mərasim keçirilib.

Tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov, "Silk Way Holding"in Prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur və digərləri iştirak edib.

Yeni gətirilən təyyarə "Silk Way Airlines" üçün aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu "Boeing" tipli və beşinci "Boeing 747-8F" tipli təyyarədir.

Beləliklə, təyyarənin gətirilməsi "Silk Way Airlines" şirkətinin "Boeing" korporasiyası ilə genişmiqyaslı əməkdaşlıq proqramının birinci mərhələsinin uğurla başa çatması deməkdir.

Proqram çərçivəsində alınan hava gəmilərinin ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edir ki, bu da Azərbaycanın özəl müəssisələrinin fəaliyyəti və inkişafı tarixində ən böyük layihədir.

Həmçinin qeyd etmək lazımdır ki, 2005-ci ildən etibarən "Silk Way Airlines" aviaşirkəti həm Amerikanın özəl şirkətləri, həm də ABŞ-ın dövlət sektoru ilə işgüzar münasibətləri inkişaf etdirir və möhkəmləndirir.

"Silk Way Airlines" aviaşirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən sertifikatlaşdırılan və tanınan aviadaşıyıcılardan biridir.

US TRANSCOM (ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviaşirkətə İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşınma sifarişlərini yerinə yetirməyə imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti