...

600 min hektar ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı aparılıb (FOTO)

İqtisadiyyat Materials 25 Oktyabr 2017 10:13 (UTC +04:00)

Bakı. Trend:

600 min hektar ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri yerinə yetirilib. İlin sonuna kimi isə 750 min hektara yaxın ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulub. Bundan başqa 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yekunlaşıb.

Bu barədə Trend-ə olaraq Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, fermerlər mobil laboratoriyalar vasitəsilə yaxşı məhsul əldə edə bilərlər - bu il 6 rayonun fermerlərinə xidmət göstərilib.

Mobil laboratoriyalar vasitəsilə cari il ərzində paytaxtın Xəzər rayonunda, Salyan, Saatlı, Zaqatala, Ağsu, Oğuz bölgələrində - ümumilikdə 5 min hektardan çox ərazidə tədqiqat işləri aparılıb, həmin ərazilərin torpaq və bonitirovka xəritələri tərtib edilərək şifarişçilərə təhvil verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə regionlarda mobil laboratoriyalarla yanaşı, Bakıda stasionar laboratoriyalar da fəaliyyət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında iri miqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir.

Çöl torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsaslanaraq bu rayonların torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır. Eyni zamanda, həmin ərazilərdə torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri paralel olaraq aparılır. 2020-ci ilədək Azərbaycanın bütün kənd təsərrüfatı torpaqlarında keyfiyyət göstəricilərinə görə uçot işinin aparılması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Komitə respublika ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin aparılması istiqamətində ardıcıl tədbirlər görür. Bu işlər Komitənin nəzdində fəaliyyət göstərən stasionar və mobil laboratoriyalar vasitəsilə həyata keçirilir. Mobil laboratoriyaların köməyilə birbaşa kəndlinin, fermerin məşğul olduğu sahələrdə xidmət göstərilməklə operativ qaydada, vaxt itkisi olmadan torpaqların tədqiqatı aparılır, bu barədə analizlərin nəticələri sifarişçiyə yerində təqdim edilir.

Mobil laboratoriyalar vasitəsilə torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilir. Əkin sahələrinin yararlı olub olmaması, analizlər nəticəsində torpağın “qida rasionu” düzgün müəyyənləşdirilir. Torpaqların ən vacib göstəriciləri – ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu və s. təyin olunur. Mülkiyyətçi torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə operativ olaraq məlumat alır. Aparılan təhlillər əsasında torpağa hansı mineral və ya üzvü gübrələrdən hansı həcmdə verilməsi müəyyənləşir. Məsələn, laboratoriyalar vasitəsilə torpaqların nəmliyinin müəyyənləşdirilməsi əkin sahələrinin şoranlaşma və ya quraqlıq dərəcəsini dəqiqləşdirir. Bununla kəndli torpaqların əkinə yararlılığı üçün suvarma sisteminin fəaliyyətini düzgün qaydada yerinə yetirə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti