...

Azərbaycan-Hindistan iqtisadi əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat Materials 20 Dekabr 2018 20:17 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycanda diplomatik missiyasını başa vuran səfiri Sanjay Rana ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan və Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Ş.Mustafayev ölkəmizin Hindistan ilə əməkdaşlığa önəm verdiyini, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin, Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Hindistanla əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diqqətə çatdıran nazir ticarət əməkdaşlığının genişləndiyini, Azərbaycanda 170-ə yaxın Hindistan kapitallı şirkətin fəaliyyət göstərdiyini qeyd edib. Ölkələrimiz arasında müqavilə-hüquq bazası yaradılıb, hazırda investisiyaların təşviqi və qarşılıqlı qorunması Sazişi üzrə müzakirələr aparılır. Əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bildirən İqtisadiyyat naziri Hindistanlı iş adamlarını ölkəmizdə yaradılmış sənaye parklarında və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib. Bildirilib ki, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, turizm, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanlar böyükdür.

Görüşdə nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən layihələr, tranzit imkanları, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi barədə məlumat verib.

İqtisadiyyat naziri gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

Hindistanın Azərbaycandakı səfiri S.Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Hindistan-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bildirib. S.Rana Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bundan sonra da iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti