...

Yeni magistral yolun 92 kilometrlik hissəsinin tikintisi yaya qədər bitəcək (FOTO)

İqtisadiyyat Materials 24 Fevral 2020 09:43 (UTC +04:00)

Bakı. Trend:

Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilmiş, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilmişdir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu tədbirlərin davamı kimi, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə davam etdirilir.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

Yeni magistral yolun keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

Layihə üzrə 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub.

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin davamı olaraq, M-1 magistralının 134-192 km-lik hissəsində yeni stiqamət üzrə 16 km qısa olmaqla, 58 km uzunluğunda, Samur-Abşeron kanalı boyunca, I b texniki dərəcəli, 4 zolaqlı asfalt-beton örtüklü yolun tikintisi də həyata keçirilir. Sözügedən hissədə də tikinti işləri tamamlanmaq üzrədir.

Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 150 km təşkil edəcək.

Ümumilikdə sözügedən hissədə 20 ədəd qovşaq və yol ötürücü körpünün, 15 ədəd hidravlik və kanal körpüsünün, 41 ədəd kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 ədəd müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunub.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti