Bakı. İlhamə İsabalayeva – Trend:
İş yerlərində mütəmadi olaraq əllərin yuyulması, dezinfeksiya işlərinin aparılması, onlayn ticarətə üstünlüyün verilməsi, ticarət obyektlərində işçilərin maskalardan istifadəsi təmin edilməlidir. Kafe və restoranların fəaliyyəti bərpa edildikdən sonra masalararası məsafə təmin olunmalıdır.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, insanlar iş yerlərinə tədricən qayıtmalıdırlar:
"Xüsusi həssas təbəqənin sağlamlığı diqqət mərkəzində olmalıdır. Biz bu iki amili balanslaşdırılmış şəklə gətirmək iqtidarında olmalıyıq. Xüsusi karantin rejiminin tətbiqinin ölkənin iqtisadiyyatı üçün böyük məsrəfi var. Təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində vəziyyət belədir. Bunun nəticəsi olaraq, dünya üçün 2020-ci il üzrə proqnozlara yenidən baxılıb".
Nazir əlavə edib ki, karantin rejiminin yumşaldılması sosial təmasların artırılması, bu isə yoluxma hallarının yenidən aktivləşə bilməsi deməkdir:
"Məhz bu səbəbə görə hökumət tərəfindən çox dərin təhlillər aparılaraq bunun nəticəsində mərhələli çıxış planı hazırlanıb. Bizim gələcək fəaliyyət də bunun əsasında qurulmalıdır. Hər hansı təhlükə yaransa, tədbirlərin sərtləşdirilməsi müzakirə mövzusu ola bilər".