Bakı. Elçin Mehdiyev - Trend:
Hazırda avtomobil bazarında aktivlik demək olar ki, yox dərəcəsindədir. Bu barədə Trend-ə açıqlamasında ekspert Vaqif Hüseynov deyib.
V.Hüseynov bildirib ki, aktivlik olmadığı üçün qiymətlərdə də ciddi dəyişiklik müşahidə edilmir:
"Əvvəllər daha çox dəyişilən avtomobillər 10-15 min manat civarında olan avtomobillər idi. Bu avtomobillər isə daha çox taksi fəaliyyəti, iş üçün istifadə olunurdu. Hazırda taksi fəaliyyəti üçün nəzərdə tutulan avtomobillərin satışında artım müşahidə olunmur. Bildiyiniz kimi karantin rejimi tətbiq olunur və taksilər icazəli şəkildə müəyyən fəaliyyət göstərirlər.
Lakin taksi fəaliyyəti göstərməyən və 15-20 min dəyərində avtomobili olan bəzi insanlar düşünür ki, avtomobili fəaliyyətsiz dayandırmaqdansa, bazara çıxarsın, lakin ümumilikdə karantin rejimi səbəbindən bazarda alıcı da yoxdur və avtomatik olaraq təklif tələbi üstələyir. Normalda təklif tələbi üstələyəndə qiymət azalması olmalıdır. Ancaq hazırda alıcı olmadığına görə qiymət nə azalır, nə artır".