Bakı. İlhamə İsabalayeva - Trend:
2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun çəkilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bu, 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Bakı şəhərinin Baş Planında qeyd edilib.
Plana əsasən, hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilmişdir. Gələcəkdə həmin nəqliyyat marşrutlarının inkişaf etdirilərək diaqonal marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması prinsipi də əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanmışdır.
Xarici həlqəvi marşrutların tamamlanması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” Xarici Həlqəvi Yolunun yaradılması nəzərdə tutulur.
“Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanması məqsədilə “Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması nəzərdə tutulur.
Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov prospekti-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılır.
“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.
Xarici həlqəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, o cümlədən Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni həlqəvi yolların yaradılması planlaşdırılır.
Bunlarla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də nəzərdə tutulur.
Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 km-dən 2550 km-ə çatdırılması planlaşdırılır.