...

Kabel televiziyası operatorları işğal olunmuş ərazilərdə şəbəkələri tam işə salmağa hazırdır

İqtisadiyyat Materials 26 Noyabr 2020 13:49 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Kabel Operatorları Assosiasiyası işğaldan azad edilmiş ərazilərdə kabel televiziyası xidmətlərinin inkişafı ilə məşğul olacaq.

Bunu Trend-ə assosiasiyanın icraçı direktoru Əli Əliyev deyib.

O bildirib ki, Assosiasiya üzvü olan kabel operatorları qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə şəbəkələrin yerləşdirilməsinə hazırdır:

“Amma qeyd etmək lazımdır ki, təxminən 30 illik işğal bu regionda bütün infrastrukturun tam dağılmasına gətirib çıxarıb. Bundan sonra insanların orada normal yaşa bilməsi üçün şərait yaradılmalı, yollar, evlər tikilməli, eləcə də kommunikasiya və kommunal xidmətləri təmin olunmalıdır”.

O qeyd edib ki, həm İT sahəsinə cavabdeh dövlət təşkilatları, həm də özəl biznes bu ərazilərdə müxtəlif regional layihələr həyata keçirəcək:

“İlk növbədə stasionar telefon xətlərinin, mobil rabitənin və genişzolaqlı internetin çəkilməsi üzrə layihələr reallaşdırılacaq. Bunun üçün həm də rayon avtomat telefon stansiyaları (ATS) tikiləcək və buradan telefon rabitəsi və internet paylanacaq”.

Ə.Əliyev bildirib ki, indi Assosiasiya üçün bu ərazilərdə əhalinin gələcəkdə kabel televiziyası və internet xidmətlərindən istifadə edə bilməsi üçün tələb olunan investisiyaları hesablamaq çətindir.

O əlavə edib ki, regionda yüksəksürətli internet xidmətlərini mövcud internet provayderləri həyata keçirəcək:

“Bu sahədə xidmətlərin göstərilməsi biznes növlərindən biridir və bütün arzu edənlər yeni internet provayder yaratmaqla bu regionda lokal fəaliyyət göstərə bilər. Amma yəqin ki, azad edilmiş ərazilərdə internet xidmətlərini mövcud provayderlər göstərəcək, çünki onların artıq çoxillik təcrübəsi və peşəkar kadrları var”.

Onun sözlərinə görə, ilkin mərhələdə bu ərazilərdə yalnız mobil, eləcə də modem vasitəsilə internetin işə salınması təklif olunur:

“Mobil şəbəkəni təşkil etmək daha asandır. Regionun bərpası ilə məşğul olacaq müxtəlif xidmətlərin mobil internet və mobil rabitəyə tələbatı yaranacaq. Orada fəal şəkildə inşaatçılar, energetiklər, müxtəlif dövlət xidmətləri işləyəcək və onlar kommunikasiya lazım olacaq. İlkin mərhələdə mobil şəbəkə bu tələbatı ödəyə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti