Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir. Layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb.
"Azərsu" ASC-dən Trend-ə bildirilib ki, Qazax şəhərində 1970-ci illərdə yaradılmış ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı qarşılamaq iqtidarında olmayıb. Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni infrastrukturun yaradılmasına başlanıb. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb, 8,6 km quyulararası su xətləri inşa edilib. Mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Su mənbəyindən Qazax şəhərinə 9 km magistral su kəmərinin tikintisi başa çatdırılıb. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr olan su anbarının inşası yekunlaşmaq üzrədir.
Qazax şəhərində inşası nəzərdə tutulan 115 km paylayıcı su şəbəkəsinin 111 km-lik hissəsi tikilib. 6500 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Şəhər ərazisində inşası nəzərdə tutulan 85 km tullantı su şəbəkəsinin 84,6 km-i inşa edilib. Şəhərdə yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə işlərin 85 faizi yerinə yetirilib.
İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Qazax Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb.
Layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaqdır.
Qeyd edək ki, indiyədək içməli su və kanalizasiya layihələrinin icrasına başlanılmış 54 şəhər və rayon mərkəzinin 32-də içməli su və tullantı su, 12-də isə içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.