...

Azərbaycan “OPEC+” üzrə hasilatın artırılmasına razılıq verib

İqtisadiyyat Materials 2 Dekabr 2021 19:17 (UTC +04:00)

Bakı. Trend:

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında, gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Bu barədə Energetika Nazirliyindən Trend-ə məlumat verilib.

Qeyd edilib ki, “OPEC plus”un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirllərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, “OPEC plus”un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan “OPEC plus”un yeni qərarını dəstəkləyir.

Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti