Bakı. Trend:
Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi Azərbaycanla ölkəyə 1 milyon dollar dəyərində şüşə qabların tədarükünə dair müqavilə imzalayacaq.
Bu barədə Trend-ə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyinin nümayəndəsi Şohabbos Sanqilov deyib.
Onun sözlərinə görə, Azərbaycana şüşə qabların tədarükünün gələn ildən başlanması planlaşdırılır:
"Agentliyimiz Azərbaycanla nar, albalı və heyva şərablarının istehsalı sahəsində uzunmüddətli əməkdaşlıq təcrübəsinə malikdir. Özbəkistanda “Tovuz” brendi altında meyvə şərabları istehsalı üzrə Azərbaycanla birgə zavodumuz var. Biz bu şərabın istehsalçısı olaraq Avropa bazarlarına ixrac edirik. Bundan əlavə, məhsullarımızın istehsalını artırmağı, həmçinin Özbəkistanda şərab istehsalı üçün Azərbaycanla daha bir birgə müəssisə açmağı planlaşdırırıq. Yeni müəssisənin yaradılması onunla bağlıdır ki, biz istehsal etdiyimiz məhsullarımıza böyük tələbat görürük".
O, həmçinin bildirib ki, hazırda agentlik Azərbaycana şüşə məmulatlarının (şüşə qabların) tədarükü ilə bağlı müqavilənin bağlanması məsələsinə baxır:
"Azərbaycanda qablaşdırılmış məhsullara böyük tələbat var və ölkəmizdə bu istiqamətdə Azərbaycanın tələbatını ödəməyə hazır olan zavodlar var. Ölkələrimiz arasında birgə biznes təşəbbüslərinin həyata keçirilməsi üçün heç bir maneə yoxdur. Bu baxımdan bizim ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün iddialı planlarımız var".
Ş.Sanqilov qeyd edib ki, “Tovuz” brendi altında illik 500 min dollardan artıq məhsul Avropaya tədarük edilir:
"Azərbaycanla birgə müəssisə açdıqdan sonra bu rəqəmi 1 milyon dollara çatdırmağı planlaşdırırıq".