Bakı. Trend:
Ötən il rəqəmsal maliyyə təşəbbüsləri üzrə strategiyanın icra vəziyyəti 88,9% təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra statusuna istinadən xəbər verir.
Xüsusi tənzimləmə rejiminin (XTR) tətbiqi üzrə qaydalar hazırlanması və platforma yaradılması, açıq bankçılıq yanaşmasının tətbiqinə dair portalın istifadəyə verilməsi və normativ metodoloji bazanın təsdiqlənməsi, fintex ekosisteminə dair məlumatların startaplara, investorlara və digər maraqlı tərəflərə təqdim olunması məqsədilə vahid platformanın hazırlanması, maliyyə institutlarından məlumatların toplanılması məqsədilə vahid portala keçidin həyata keçirilməsi, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”in təsdiq edilməsi uğurla həyata keçirilib.
Həmçinin bildirilib ki, rəqəmsal maliyyə təşəbbüsləri üzrə icra vəziyyəti ilə bağlı gecikən fəaliyyətlər istiqamətinə “Açıq Bankçılıq” xidmətlərindən maliyyə bazarlarında istifadə edilməsi üçün mərkəzləşdirilmiş texniki infrastrukturun yaradılaraq təqdim edilməsi, virtual aktiv və virtual aktiv xidməti təminatçılarına dair qanun layihəsinin hazırlanması, kredit təşkilatlarının borcalanlar haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”na dəyişiklik edilməsi, maliyyə institutları üzrə İT idarəetmə çərçivəsinin formalaşdırılması daxildir.
Qeyd edək ki, sözügedən strategiyada həmçinin ESİ (ekoloji, sosial və idarəetmə) və dayanıqlı maliyyə meyarlarının maliyyə xidmətlərinə inteqrasiyası, rəqəmsal maliyyə həllərinin inkişafı, bu sahədə innovasiyaların geniş miqyasda təşviqi və kibertəhlükəsizliyin gücləndirilməsi təşəbbüsləri də əhatə olunub.