Bakı. Trend:
Özəl sektor nümayəndələri həmişə irəliyə baxmalı, bizneslərini böyütmək naminə təşəbbüslərini artırmalıdırlar.
Trend xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, biznes nümayəndələrinin kreativ və yenilikçi təşəbbüsləri həm bizneslərini genişləndirər, həm də iqtisadi artıma daha çox töhfə verər:
"Məsələn, azad olunmuş ərazilərimizdə bu təşəbbüslərin çox uğurlu nümunələri var. İş adamları biznes fəaliyyəti üçün yaradılmış imkanlardan yararlanırlar. Bir neçə ildir yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə artıq sənaye parkları arasında ikincidir. Artıq burada istehsal olunan məhsullar yerli bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunur".
"Vacib nəqliyyat qovşaqlarının üzərində yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da sahibkarlara yeni fürsətlər təqdim edir. Sizləri bu ərazilərdəki fürsətləri lazımınca dəyərləndirməyə, daha fəal təşəbbüslərlə çıxış etməyə dəvət edirik", - deyə nazir müavini bildirib.