Bakı. Trend:
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yaxın iki il ərzində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində iqtisadi artım tempinin azalacığını gözləyir.
Trend xəbər verir ki, ÜTT-nin son proqnozuna əsasən, 2025-ci ildə bazar məzənnəsi ilə MDB ölkələrində ÜDM artımı baza ssenarisində 2,2 faiz, düzəliş edilmiş ssenaridə isə 2,3 faiz təşkil edəcək. 2026-cı ildə hər iki ssenari üzrə 1,8 faizə qədər daha da azalacığı gözlənilir.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə ÜDM-in artımı 3,9 faiz, 2024-cü ildə isə 4,3 faizə çatıb.
İlin əvvəlində ÜTT iqtisadçıları 2025 və 2026-cı illərdə qlobal ticarətdə artımın davam edəcəyini, malların ticarətinin ÜDM-ə uyğun artacağını və kommersiya xidmətləri ticarətinin bu artımı üstələyəcəyini proqnozlaşdırırdılar. Bununla belə, yanvar ayından elan edilən və tətbiq edilən yeni tarif tədbirlərinin sayının artması proqnozlara yenidən baxılmasını məcbur edib.
Yeni rüsumların təsirini və artan ticarət siyasəti qeyri-müəyyənliyini nəzərə alaraq, ÜTT hazırda 2024-cü ildəki 2,9 faiz artımla müqayisədə 2025-ci ildə ticarət həcmində 0,2 faiz azalma proqnozlaşdırır. Qlobal tələbin zəifləməsi fonunda 2026-cı ildə 2,5 faiz qədər bərpa gözlənilir. Kommersiya xidmətləri ticarətinin keçən il 6,8 faiz artdıqdan sonra bu il 4 faizə qədər yavaşlayacağı, 2026-cı ildə yenidən 4,1 faizə qədər sürətlənəcəyi təxmin edilir.