Bakı. Trend:
Rusiyanın seleksiya və toxumçuluq şirkəti "EkoNiva – Toxumlar" Azərbaycana soya toxumu tədarükünü nəzərdən keçirir.
Bunu Trend-ə şirkətin satış şöbəsinin müdiri Aleksandr Novoselov Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro) çərçivəsində verdiyi açıqlamada bildirib.
“Biz artıq 30 ildən çoxdur ki, Rusiya bazarında fəaliyyət göstəririk, Azərbaycanda isə üçüncü ildir ki, təmsil olunuruq. Gələcəkdə izolyasiya sahəsində əldə etdiyimiz nailiyyətləri bölüşmək, xüsusən də payızlıq buğda sortlarının tədarükünü planlaşdırırıq. Aktiv şəkildə məşğul olduğumuz ikinci istiqamət isə soya toxumlarıdır. Öz gücümüzlə yaradılmış bir neçə sortumuz var və onların Azərbaycanın kənd təsərrüfatı sahələrində uğurla tətbiq olunması üçün yaxşı potensial mövcuddur”, - deyə o bildirib.
Qeyd edək ki, Bakıda bu gün 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – (Caspian Agro) və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” keçirilir.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir.
Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri-Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də, ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.