Bakı. Trend:
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan şəhərinin Naxçıvan küçəsində inşa edilən növbəti layihəsi olan “Yeni Şirvan” Yaşayış Kompleksinin ümumi sahəsi 8,11 hektar təşkil edir.
Trend xəbər verir ki, 11 ədəd onikimərtəbəli və 14 ədəd doqquzmərtəbəli olmaqla, 25 yaşayış binasından ibarət olan yaşayış kompleksinin inşası sürətlə və keyfiyyətlə davam etdirilir.
Layihə üzrə 80 yerlik uşaq bağçasının elektrik, santexnik və fasad suvaq işlərinə başlanılıb. 960 şagird yerlik məktəb binasının, 14 ədəd 9 mərtəbəli və 11 ədəd 12 mərtəbəli yaşayış binasının daxili suvaq və bəzək, elektrik, santexnika, taxta və laminat döşəmənin vurulması, 13 ədəd 9 mərtəbəli və 10 ədəd 12 mərtəbəli yaşayış binasının dam örtüyünün quraşdırılması, 13 ədəd 9 mərtəbəli və 10 ədəd 12 mərtəbəli yaşayış binasının fasadlarında isə rənglənmə işlərinə başlanılıb. Ərazidə abadlıq işləri ilə bağlı beton bordürlər düzülür, asfalt-beton örtüyün vurulması və yaşıllıq sahələrinin salınması ilə əlaqədar hazırlıq işləri görülür.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 14.08.2025-ci il tarixində “MİDA” MMC tərəfindən aparılan tikinti və abadlıq işlərinin gedişinə, təmir olunmuş mənzillərə baxış keçirib, təklif və tövsiyələrini verib.
Yaşayış kompleksində ümumilikdə 1264 mənzil olacaq ki, onlardan 32-nin studio tipli, 216-nın ikiotaqlı, 768-nin üçotaqlı, 248-nin dördotaqlı olması nəzərdə tutulur.
Studio tipli mənzillərin sahəsi təqribən 40,1 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 57,7 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi təqribən 72,8 – 76,7 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi təqribən 98,7 – 114,6 kvadratmetr təşkil edəcək.
Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin və uşaq oyun meydançalarının istifadəyə verilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdirlər.