Naxçıvana dəhlizin açılması Azərbaycanın suverenliyinin beynəlxalq aləmdə tanınması deməkdir – Sadiq Qurbanov

İqtisadiyyat Materials 18 Sentyabr 2025 11:13 (UTC +04:00)
Naxçıvana dəhlizin açılması Azərbaycanın suverenliyinin beynəlxalq aləmdə tanınması deməkdir – Sadiq Qurbanov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

7–8 avqust 2025-ci il tarixlərində Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycanın xarici siyasət tarixində mühüm hadisə kimi qiymətləndirilir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Komitə sədri xatırladıb ki, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyası üzrə razılıq əldə olundu və 1992-ci ildən qüvvədə olan 907-ci düzəlişin ləğvi qərara alındı. Ən əhəmiyyətli nəticə Ermənistanla sülh sazişinin razılaşmasına və regionun inkişafına yönəlik “Trump Route for International Peace and Prosperity” dəhlizinin yaradılması idi. Bu dəhliz Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qalan ərazilərini birləşdirərək illərlə davam edən blokada və tranzit məhdudiyyətlərini aradan qaldırır. Eyni zamanda, bu addım Azərbaycanın suverenliyinin beynəlxalq aləmdə tanınması və qorunması istiqamətində strateji əhəmiyyət daşıyır.

Millət vəkili bildirib ki, ən qürurverici faktlardan biri Qarabağda bərpa və inkişaf Konstitusiyanın təmin etdiyi suverenliyə söykənən addımlarla davam etməsidir:

“Müzəffər Ali Baş Komandan Qarabağa tez-tez səfərlər edir. Prezident İlham Əliyevin Qarabağa səfərləri yalnız rəsmi mərasimlərlə məhdudlaşmır, eyni zamanda, regionun infrastruktur, mədəniyyət və sosial sahələrdə bərpasına rəhbərlik edir.

Şuşada məscidlərin, muzeylərin və abidələrin bərpası, yeni yaşayış komplekslərinin təməli və müasir sosial infrastrukturun yaradılması şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı kimi yenidən formalaşdırır.

Xankəndi, Aqdam və Xocalıda məktəblər, bağçalar, yaşayış evləri, sənaye müəssisələri və yollar açılır. Bütün bunlar tarixi irsin bərpası ilə yanaşı, bölgədə müasir iqtisadi və sosial həyatın bünövrəsini yaradır. Qarabağın dirçəlişi, əhalinin geridönüşü və infrastrukturun yenidən qurulması uzunmüddətli strateji perspektivi və konstitusion dövlətçilik prinsipini əks etdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti