Almatı. Trend:
Azərbaycanın Avrasiya İnkişaf Bankına (AAİB) üzvlüyü prosesinə 2026-cı ildə başlanılacağına ümid edirəm.
Bunu Trend-in xüsusi müxbirinə bu gün Almatıda 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransı çərçivəsində AAİB idarə heyətinin sədri Nikolay Podquzov deyib.
Podquzov qeyd edib ki, müddətləri dəqiqliklə söyləmək etmək mümkün deyil, hərçənd, Azərbaycanın banka qoşulmasına tam dəstək mövcuddur. Onun sözlərinə görə, bu prosesin nə qədər vaxt çəkəcəyini proqnozlaşdırmaq çətindir.
Buna misal olaraq o, Özbəkistanı göstərib: qərar 2025-ci ildə yekunlaşdırılsa da, prosesin özü 2021-ci ilin sonlarında başlayıb və faktiki olaraq təxminən üç il davam edib.
O 2025-ci ildə AAİB nümayəndə heyətinin Azərbaycana səfərinin baş tutduğunu və səfər çərçivəsində iqtisadiyyat və maliyyə nazirliklərinin nümayəndələri ilə görüşlərin keçirildiyini xatırladıb.
“Düşünürəm ki, Azərbaycanın banka potensial qoşulma planı dəstəklənib. Görünən odur ki, bunun üçün Azərbaycanda müəyyən bürokratik qərarların qəbulu tələb olunur və biz səbrlə aidiyyəti strukturlardan belə qərarları gözləyirik”, – deyə o bildirib.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına, onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiya fəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmış çoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan.
