Bakı. Trend:
Ölkəmizin artan nəqliyyat-tranzit imkanları, bu sahədə təşəbbüsçüsü və iştirakçısı olduğumuz regional və qlobal əhəmiyyətli layihələr, o cümlədən Orta Dəhlizin təqdim etdiyi logistika potensialı və digər layihələr Türkiyə ilə qarşılıqlı faydalı tərəfdaşlığımıza əlavə imkanlar açır. Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə addımlar həm ölkələrimiz üçün, həm də region üçün tranzit imkanlarını genişləndirir.
Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O eyni zamanda vurğulayıb ki, yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir:
"Bununla yanaşı, gələcəkdə Zəngəzur dəhlizi beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə öz töhfəsini verəcək".
