Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının iclasında Agentlik tərəfindən görülmüş işlər və 2026-cı ildə nəzərdə tutulan məsələlər müzakirə olunub.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun idarəçiliyində olan sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında 2025-ci il ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd olunub ki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanın qeyri-neft-qaz istehsalı və qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının payına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmış əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini genişləndirir.
İclas çərçivəsində Agentliyin 2026-cı il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati-struktur məsələləri müzakirə olunub.
