Bakı. Trend:
Azərbaycanın sığorta bazarı inkişafdadır. Azərbaycanda sığorta həcmi artıq 1,5 milyard manat civarındadır.
Trend xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bu gün rəhbərlik etdiyi qurum tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində deyib.
"Hər 10 manat icbari sığorta haqqına görə təxminən 6 manat ödənişlər həyata keçirilir. Burda da bir artım dinamikası var.
Sığorta bazarının inkişafı ilə yanaşı, 3 məsələ xüsusi qeyd olunmalıdır. Bunlardan biri sığorta bazarının tənzimlənməsi, ikincisi, sığorta bazarında biznes modeli, üçüncüsü isə texnologiyadır.
“InsurTech” kitabı sadaladığım 3 məsələni özündə cəmləşdirir. Bütövlükdə, "InsurTech" özü də sürətlə inkişaf edir. Məlumatlara görə, təkcə keçən il "InsurTech" bazarı 20 milyard dollar olub. Orta illik artım tempi isə 25-55% arasında qiymətləndirilir. Hətta beynəlxalq qurumların hesablamalarına görə, 2030-cu ildə 250 milyard dollarlıq "InsurTech" bazarının həcminə şahidlik edəcəyik", - o vurğulayıb.
