...

Orta dəhliz Asiyanın potensialının üzə çıxarılması baxımından əsas alətlərdən biridir- Şeradil Baktıqulov (ÖZƏL)

İqtisadiyyat Materials 18 Fevral 2026 15:05 (UTC +04:00)
Orta dəhliz Asiyanın potensialının üzə çıxarılması baxımından əsas alətlərdən biridir- Şeradil Baktıqulov (ÖZƏL)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz Mərkəzi Asiyanın potensialının üzə çıxarılması və regionun dünya ictimaiyyətinə təqdim olunması baxımından əsas alətlərdən biridir.

Bunu Trend-ə Qırğızıstanın dövlət idarəçiliyi sahəsi üzrə eksperti, politoloq Şeradil Baktıqulov bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazisindən keçən Orta Dəhliz bütün iştirakçı ölkələr üçün unikal imkanlar açır.

“Söhbət təkcə ərazi, siyasi, iqtisadi və sosial yaxınlaşmadan getmir – bu proses artıq baş verir və gələcəkdə də inkişaf edəcək. Əsas məqsəd biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlığı təmin etmək və bununla da bu dəhliz boyunca yerləşən ölkələrin xalqlarının rifahına töhfə verməkdir. Orta Dəhlizin başlıca vəzifəsi məhz bundan ibarətdir”, – deyə o qeyd edib.

Ş. Baktıqulov vurğulayıb ki, Orta Dəhlizin yaradılması və inkişafı hələ XVIII–XIX əsrlərdə başlanmış səylərin məntiqi davamıdır. Onun sözlərinə görə, bu cür əlaqələr əvvəllər də mövcud olub, lakin Sovet İttifaqı çərçivəsində, daha sonra isə suveren dövlətlərə bölünmədən sonra sərhədlər, tariflər və ticarət maneələri tətbiq edilib. Həmin dövrdə məsələlər əsasən tətbiqi müstəvidə həll olunurdu.

O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhlükəsizliyin və konstitusiya quruluşunun bərpası dəhlizin reallaşdırılması üçün yeni imkanlar açıb.

“Rusiya-Ukrayna böhranı əməkdaşlığın sürətlənməsi üçün “triqqer” amilinə çevrildi. Bakıda Orta Dəhlizin tərkib hissəsi olan TRACECA layihəsinin ofisi yerləşir, lakin onun marşrutu ilkin olaraq mövcud yük məntəqələri üzərindən keçirdi. O vaxtdan bəri Mərkəzi Asiya və Cənubi Qafqazda nəqliyyat-logistika mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib”, – deyə Baqtıqulov bildirib.

Ekspert vurğulayıb ki, Orta və Cənub dəhlizləri bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birini tamamlayır.

“Çindən, Avropadan və digər ölkələrdən daşınan yüklərin həcmi olduqca böyükdür. Quru marşrut adətən Türkiyə operatorlarının iştirakı ilə İstanbul üzərindən həyata keçirilən hava daşımalarını tamamlayır. Hazırda söhbət dəmir yolu, avtomobil nəqliyyatı və Xəzər dənizi üzərindən Ro-Ro kateqoriyalı bərələrin istifadəsi ilə qarışıq multimodal dəhlizin yaradılmasından gedir. Bu isə regional əlaqəliliyin gücləndirilməsi üçün yeni imkanlar açır”, – deyə o qeyd edib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti