Bakı. Trend:
Böyük Britaniya su sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Elvin Raziyev bu gün Bakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyəti” mövzusunda dəyirmi masada çıxışında deyib.
“Olkələrimizin hər ikisi oxşar su problemləri ilə üzləşir: aşınmış infrastruktur, artan tələbat, daşqın riskləri və suyun təmizlənməsi sistemlərinin modernləşdirilməsi zərurəti. Bu ortaq çağırışlar əməkdaşlıq üçün real imkanlar yaradır. Böyük Britaniya ekspertiza, innovasiyalar və konkret layihələrin maliyyələşdirilməsi vasitəsilə su sektorunda Azərbaycanla işləməyə hazırdır”,- deyə o bildirib.
Raziyev qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər hazırda tarixinin ən güclü mərhələsini yaşayır. Ötən il tərəflər əməkdaşlığın enerji, əlaqəlilik, infrastruktur və innovasiya sahələrində genişləndirilməsinə xüsusi diqqət yetirilməklə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılığa gəliblər. Onun sözlərinə görə, su sektoru da əməkdaşlıq üçün real potensiala malik sahələrdən biridir.
