Bakı. Trend:
Ötən il azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında uğurlu nəticələr əldə edilib. Belə ki, Ağdam Sənaye Parkı qısa müddətdə regional iqtisadi mərkəzə çevrilib. Burada 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib, 145,8 milyon manat investisiya yatırılıb və 1000-ə yaxın daimi iş yeri yaradılıb.
Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rezidentlərin sayına görə park artıq ölkədə ikinci yerdədir: "İşə qəbul zamanı yerli əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun da 62,3 milyon manatlıq hissəsi ixrac olunub".
S. Adıgözəlov eyni zamanda bildirib ki, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 19 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib: "Parkda 43,8 milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeri yaradılıb.
Bununla yanaşı, Mingəçevir, Qaradağ, Pirallahı və Hacıqabul sənaye parklarında, eləcə də Neftçala, Sabirabad və Masallı sənaye məhəllələrində istehsalın genişləndirilməsi və yeni layihələrin icrası davam etdirilir.
2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkı və 2026-cı ildə təsis edilmiş Qərb Sənaye Parkında da hazırda zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır.
Ümumilikdə, yaradılan sənaye infrastrukturu regionlarda sahibkarlığın inkişafına, sənaye potensialının balanslı şəkildə formalaşdırılmasına və iqtisadi aktivliyin genişlənməsinə xidmət edir".
