Bakı. Trend:
Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Yevlax Pilot Aqroparkın açılışı baş tutub. Ümumi ərazisi 2807 hektar olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqropark üzrə 35 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb.
Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, rezidentlər tərəfindən 59,4 milyon manat investisiya yatırılıb, 185 daimi və 593 mövsümi iş yeri yaradılıb: "Burada intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub".
