Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir N.İsmayılova/
Azərbaycanda istehsalatda bədbəxt hadisələrin azaldılması tendensiyası 2010-cu ildə də davam etdiriləcək. Bu barədə cümə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.
"Bu vaxtadək müəssisələrdə iş zamanı işçi quvvələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əmək şərtlərinin yaxşılaşdırılması üzrə böyük işlər görülüb. Əgər 2007-ci ildə istehsalatda bədbəxt hadisələr nəticəsində 128 nəfər həlak olmuşdusa, 2008-ci ildə 72 nəfər, 2009-cu ildə isə həlak olanların sayı azalaraq 69 nəfər olub və bu tendensiya davam etdiriləcək", - Ələkbərov deyib.
Ötən il ərzində istehsalatda 65-i tikinti sektorunda olmaqla 250 bədbəxt hadisə baş verib. 2008-ci ildə isə 65-i tikinti sektorunda olmaqla 255 bədbəxt hadisə baş verib. Bədbəxt hadisələr nəticəsində 32 nəfəri tikinti sektorunda olmaqla 69 nəfər həlak olub. Bu dövr ərzində istehsalatda 218 nəfər, o cümlədən tikinti sektorunda 48 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.