Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti martın 1-dən etibarən ərzaq malları idxal edən təsərrüfat subyektlərində malların etiketlənməsi qaydalarına əməl olunması ilə bağlı yoxlamalara başlayacaq. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.
"Yeyinti məhsulları haqqında" qanuna əsasən, Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının etiket və adları, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilində də olmalıdır.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən istehlakçıya məhsulun istehsalçısı, istehlak xassələri, tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı, məhsulun işlədilməsi, saxlanması, təhlükəsiz istifadəsi üsulları və qaydaları, malın hazırlanmasında istinad olunan standart və ya digər normativ sənədin adı, nömrəsi və malın sertifikatlaşdırılması barədə dolğun və düzgün məlumat verilməlidir.
Qanunvericiliyə əsasən, etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların satışı qadağandır. Bu cür malların satışı ilə məşğul olan şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.