...

2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirib – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2010 05:14 (UTC +04:00)
2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirmişdir. Bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin birinci rübünün yekunlarına həsr edilən iclasında çıxışı zamanı bildirib.
2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirib – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

RED: Azərbaycan Prezidentinin yekun nitqi əlavə olunub

2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirmişdir. Bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin birinci rübünün yekunlarına həsr edilən iclasında çıxışı zamanı bildirib.

"Nəzərə almalıyıq ki, 2009-cu il dünya tarixində böhran ili kimi qalmışdır və 2009-cu ildə iqtisadiyyatımız, təxminən 10 faiz artmışdır. Bu artımın üzərində əlavə artıma nail olmaq əlbəttə ki, böyük uğur hesab oluna bilər. Bəzi ölkələr var ki, 2010-cu ildə müsbət dinamika nümayiş etdirir. Ancaq nəzərə almalıyıq ki, o ölkələrdə 2009-cu ildə iqtisadiyyat 7, 10, 15 faiz tənəzzülə uğramışdır. Əlbəttə ki, bu tənəzzüldən sonra müəyyən dərəcədə inkişaf dinamikası da mümkündür" İlham Əliyev deyib, məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə iqtisadiyyatımız 2,8 dəfə artmışdır.

"Bunun üzərində əlavə iqtisadi artıma nail olmaq bir daha göstərir ki, apardığımız siyasi, iqtisadi və sosial islahatlar öz nəticələrini verməkdədir. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil etmişdir ki, bu da öz növbəsində, sosial məsələlərin həlli üçün bizə əlavə imkanlar yaradır. Demək olar ki, qiymət artımı çox az səviyyədədir. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri artır, - bunun ən gözəl göstəricisi banklara qoyulan əmanətlərin 30 faizdən çox artmasıdır, - görərik ki, inflyasiyanın bu aşağı səviyyədə saxlanması insanların rifah halına mənfi təsir göstərmir. Bir sözlə, bütün makro-iqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir" Prezident vurğulayıb.

İlham Əliyev deyib ki, büdcə xərcləri tam şəkildə təmin edilir. Əlbəttə ki, buna büdcə gəlirləri zəmin yaradır və bu məsələ ilə də bağlı heç bir problem yoxdur.

"Valyuta ehtiyatlarımız artır. Həm keçən il və həm də bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız artmışdır. Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Bu, çox böyük məbləğdir. İstənilən ölkə üçün böyük məbləğdir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək" dövlət başçısı nitqində deyib.

Prezident bildirib ki, artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya bazarlarına çıxır.

"Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycan Dövlət Neft Fondunu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir və biz buna müsbət baxırıq. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında çox müsbət imicə malik olan ölkədir. Aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız uğurludur, bərabərhüquqludur. Biz bərabərhüquqlu tərəfdaş kimi növbəti illərdə dünya iqtisadiyyatına daha da çox inteqrasiya edəcəyik.
Dövlət İnvestisiya Proqramı icra edilir. Proqramın icrası ilə bağlı heç bir problem yoxdur. Nə maliyyə problemi, nə də ki, texniki problem. Bizim həm texniki imkanlarımız artır və həm də keçən il nəzərdə tutulmuş bütün investisiya layihələri uğurla icra edilir. Əminəm ki, bütün investisiya layihələrimiz vaxtında və böyük keyfiyyətlə icra ediləcəkdir.
İlin birinci rübündə ölkə iqtisadiyyatı üçün önəmli hadisələr baş vermişdir. Əlbəttə ki, bütün ölkədə müxtəlif obyektlər, yeni iş yerləri açılır. Eyni zamanda, ölkəmizin sənayeləşməsi üçün çox vacib olan nəhəng tikinti-infrastruktur obyektləri də inşa edilməyə başlanmışdır. Xüsusilə vurğulamaq istəyirəm ki, bu yaxınlarda Bakıda yeni, müasir gəmiqayırma zavodunun təməl daşı qoyulmuşdur. Bu zavoda çox böyük ehtiyac vardır. Çünki biz donanmamızı müasirləşdirməliyik. Həm Xəzər Dəniz Gəmiçiliyinin, həm də Dövlət Neft Şirkətinin donanmalarını müasirləşdirməliyik. Eyni zamanda, tikiləcək yeni müasir gəmiqayırma zavodu bizə imkan verəcək ki, istənilən növ gəmiləri - katerləri, hərbi döyüş gəmilərini istehsal edək. Bu, eyni zamanda, Azərbaycanın döyüş potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir.
Biz Xəzərdə öz mövqelərimizi möhkəmləndiririk. İstər neft-qaz əməliyyatları, istər infrastruktur, istərsə də donanmanın gücü baxımından Azərbaycan, əlbəttə ki, Xəzərdə çox güclü mövqelərə malikdir. Gəmiqayırma zavodunun işə başlaması nəticəsində biz artıq idxaldan asılı olmayacağıq. Son illər ərzində xaricdən kifayət qədər müxtəlif tipli gəmilər alınmışdır ki, bu da öz növbəsində Azərbaycanın iqtisadi potensialını gücləndirən amillərdən biridir.
Mən gəmiqayırma zavodunu xüsusilə vurğulamaq istəyirəm. Çünki bu, bir də onu göstərir ki, həm Azərbaycan dövləti və hökuməti ölkəmizin müasirləşməsi istiqamətində çox düzgün və vaxtında addımlar atır, eyni zamanda, xarici tərəfdaşlar Azərbaycan ilə birgə işlər görmək əzmindədirlər. Gəmiqayırma zavodunun səhmdarları arasında Azərbaycan qurumları və eyni zamanda, xarici tərəfdaşlar da vardır. Onlar da böyük həcmdə investisiyalar qoyacaqlar. Yəni bu, özlüyündə göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkə kimi öz funksiyalarını, imkanlarını genişləndirir. Əminəm ki, bu istiqamətdə atdığımız addımlar Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir" İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, sənaye potensialımızın gücləndirilməsi üçün başqa addımlar da atılır.

"Böyük tədbirlər, ixtisaslaşdırılmış texnoparkların tikintisi nəzərdə tutulur. Hərbi sənaye kompleksinin inkişafı sürətlə gedir və mən bu ilin birinci rübündə müdafiə sənayesi kompleksini təşkil edən iki böyük zavodun açılışında iştirak etmişəm. Bütün bu istiqamətlərdə planlarımız icra edilir.
Keçən ay ölkəmizin sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramının müzakirəsini keçirdik. Regionların inkişafı geniş şəkildə müzakirə edildi. Mən o iclasda səslənən fikirləri təkrarlamaq istəmirəm. Bütün vəzifələr qoyuldu, istiqamətlər müəyyən edildi, konkret tapşırıqlar verildi ki, regionların inkişafı sürətlə getsin, bütün maliyyə resursları səfərbər olunsun. Dövlət investisiya layihələri, eyni zamanda, regionların inkişafını təmin edir. Bank sektorunun inkişafı və əlavə resursların əldə edilməsi kreditləşməni asanlaşdırır. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlət xətti ilə kifayət qədər böyük məbləğdə vəsait ayrılır, texnika alınır. Yəni regionların, kənd təsərrüfatının, emal sənayesinin inkişafı üçün praktiki addımlar atılır. Bu addımlar artıq bir neçə ildir ki, atılır. Biz bu addımların səmərəsini, nəticələrini görürük. Bunun həm iqtisadi göstəricilərdə, eyni zamanda, gündəlik həyatda görürük.
Bir sözlə, Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər belə olmasaydı, biz bu böhran aylarında özümüzü o qədər arxayın hiss etməzdik. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə biz birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkanlar yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək. Bu gün biz buna nail ola bilmişik və dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 51-ci yerdədir. Bu, çox böyük uğurdur, böyük nəticədir. Əminəm ki, biz bu yüksək yerləri daim əlimizdə saxlayacağıq.
Bu yaxınlarda növbəti sevindirici xəbər gəldi ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından biri olan Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında birinci yerə layiq görmüşdür. Nəzərə alsaq ki, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda cəmi 5-6 ildir inkişaf etməyə başlamışdır, bu da çox gözəl göstəricidir. Biz qısa müddət ərzində böyük uğurlara nail ola bilmişik. Bu, həm iqtisadi inkişaf, həm müasirlik, həm də təhsil deməkdir.
İnformasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə inkişaf edəcəkdir. O ölkələr ki, bu sahədə birinciliyi əldə edir, yaxud da, apardıqları islahatlarla bu istiqamətdə uğurlar qazanır, onlar gələcəkdə daha da böyük imkanlara malik olacaqlar.
Birinci rübdə bizim neft-qaz sənayesində çox əlamətdar hadisələr baş vermişdir. "Çıraq" layihəsinə start verilmişdir. Bu da çox böyük layihədir. Əlbəttə ki, "Azəri-Çıraq-Günəşli" yataqları üzrə "Əsrin müqaviləsi"nin icrası çərçivəsində görüləcək işlərdir. Ancaq əhəmiyyəti nəzərə alınaraq bu layihəyə xüsusi bir istiqamət, xüsusi bir ad verildi. "Çıraq" layihəsi əlavə 6 milyard dollar investisiyanın qoyuluşunu tələb edir. Minlərlə yeni iş yerinin açılmasını təşkil edəcəkdir. O iş yerlərinin 90 faizindən çoxu Azərbaycanda açılacaqdır. Beləliklə, Azərbaycanda həm neft hasilatının artımı təmin ediləcək, həm də ki, hasilatın sabit vəziyyətdə saxlanması üçün əlavə imkanlar yaranacaqdır. Bu, uzun illər bundan sonra hasilatı yüksək səviyyədə, sabit səviyyədə saxlayacaqdır. Bu da ölkəmizin inkişafı üçün çox vacibdir ki, biz öz gələcək planlarımızı elə quraq ki, əldə ediləcək əlavə mənfəət həm ehtiyatların artırılmasına yönəldilsin, eyni zamanda, investisiya xərclərinin təmin edilməsi daha da geniş vüsət alsın.
Azərbaycanda investisiya layihələri uğurla icra edilir. Son illər ərzində on milyardlarla dollar vəsait qoyulubdur, daxili investisiyalar xarici investisiyaları böyük fərqlə üstələyir. Bizim siyasətimiz ondan ibarətdir və maliyyə böhranından belə uğurlu çıxmağımızın səbəbi də ondadır ki, biz əldə edilmiş gəlirləri həm əmanət kimi çox etibarlı şəkildə saxlamışıq və ehtiyatlarımız artıb. Eyni zamanda, ölkənin tələbatını ödəmək üçün investisiya şəklində sənaye istehsalına, infrastruktur layihələrinə qoymuşuq ki, həm iş yerləri açıldı, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yarandı.
Biz bu siyasəti gələcəkdə də davam etdirəcəyik. Həm valyuta ehtiyatlarımız artacaq, eyni zamanda, dövlət investisiya proqramı elə tutulmalıdır ki, əsas vəzifələr icra edilsin. Bu il üçün nəzərdə tutulmuş investisiya layihələri hesab edirəm ki, bizi tam şəkildə təmin edir. Əlbəttə ki, gələcək illərdə biz başqa sahələrə investisiyanın cəlb edilməsini təmin edəcəyik.
Sosial məsələlərin həllinə gəldikdə, iqtisadi inkişaf bu məsələlərin həlli üçün başlıca şərtdir. Əgər güclü iqtisadi siyasət olmasa, heç bir sosial layihəni, sosial proqramı icra etmək mümkün olmayacaqdır. Biz bütün sosial proqramları uğurla icra edirik. Pensiyalar, maaşlar vaxtaşırı artırılır. Bu il də maaşların və pensiyaların artımı nəzərdə tutulur. Ünvanlı sosial proqram uğurla icra edilir. Bütün sosial proqramlar, sosial ödəmələr vaxtında təmin edilir" dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, sosial obyektlərin tikintisi istiqamətində çox böyük işlər görülür. Təkcə bu ilin birinci rübündə proqrama dövlət büdcəsində nəzərdə tutulmayan layihələr əlavə edildi. Çünki yerlərdən xahişlər daxil oldu ki, bəzi rayonlarda tibbi xidmətin lazımi səviyyədə olmaması insanları narahat edir. Baxmayaraq, son illərdə demək olar ki, hər bir bölgədə ən müasir tibbi avadanlıqla təchiz edilmiş müasir xəstəxanalar, müalicə diaqnostika kompleksləri tikilmişdir və onlar insanlara gözəl xidmət göstərir.

"Hələ ki, biz bu problemi tam şəkildə həll edə bilməmişik. Ona görə yerlərdən gələn təkliflər, xahişlər əsasında göstəriş verildi ki, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılsın, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni müasir xəstəxanaların tikintisi, yaxud da mövcud xəstəxanaların əsaslı təmiri məsələləri öz həllini tapsın. Yəni, biz bu məsələlərə həmişə çox çevik reaksiya veririk. Yenə də deyirəm, biz çalışırıq ki, dövlət büdcəsində bütün məsələləri həll edək. Deyə bilərəm ki, əksər hallarda mütləq buna nail oluruq. Ancaq olur ki, il ərzində hansısa məsələ ortalığa çıxır, biz buna operativ reaksiya verməliyik. Belə məqsədlər üçün biz Prezidentin Ehtiyat Fondundan istifadə edirik və bundan sonra da edəcəyik ki, insanları narahat edən əsas problemləri maksimum dərəcədə və qısa müddət ərzində aradan qaldıraq.
Artıq bizim iclaslarda elektrik enerjisi, qaz təchizatı məsələləri daha geniş şəkildə müzakirə olunmur. Çünki bu məsələlərin böyük hissəsi həllini tapıbdır. Düzdür qazlaşdırma prosesi davam edir və davam etməlidir ki, bütün insanlar, bütün yaşayış məntəqələri maksimum dərəcədə təmin olunsun. Ancaq bu problemlər görülən tədbirlər nəticəsində ciddi sosial problem kimi artıq aradan qalxıb. Bu gün səylərimiz bu əsas infrastuktur layihələrinin - içməli su, kanalizasiya məsələlərinin həllinə yönəldilibdir. Bu istiqamətdə də artıq işlər başlanmışdır. Mən istəyirəm ki, daha da sürətlə başlasın və bütün rayon mərkəzlərini əhatə etsin. İstəyirəm ki, bütün rayon mərkəzlərində işlər tezliklə başlasın, çünki insanları bu gün ən çox narahat edən məsələlər məhz içməli su və kanalizasiya məsələləridir. Onu da deməliyik ki, bizim əksər yaşayış məntəqələrində heç vaxt, heç bir dövrdə kanalizasiya olmamışdır. İçməli su həmişə problem olmuşdur. Ancaq biz bu ciddi problemi çox ciddi həll etməliyik. Elə etməliyik ki, bu problem Azərbaycandan yığışdırılsın və insanlar tam şəkildə öz haqlı hüquqlarından istifadə edə bilsinlər.
Bir sözlə, 2010-cu ilin birinci rübü sosial-iqtisadi inkişaf baxımından çox uğurludur. Mən əminəm ki, gələcək aylarda biz bu müsbət dinamikanı saxlayacağıq və Dövlət İnvestisiya Proqramı çərçivəsində dövlət büdcəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir" İlham Əliyev nitqində söyləyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, 2010-cu il ölkə iqtisadiyyatı üçün uğurla başlamışdır.

"Mən ümid edirəm ki, biz bu uğurlu inkişaf dinamikasını ilin sonuna qədər saxlayacağıq. Bunu etmək üçün bütün imkanlar vardır. Sadəcə, elə etməliyik ki, nəzərdə tutulmuş bütün layihələr vaxtında və keyfiyyətlə icra edilsin.
Əminəm ki, 2010-cu ilin yekunları da Azərbaycanın imkanlarını daha da genişləndirəcəkdir. Elə etməliyik ki, makroiqtisadi sabitlik qorunub saxlanılsın. Keçən il bu baxımdan çox müsbət il olmuşdur. Hamımız yaxşı xatırlayırıq ki, ondan əvvəlki illərdə inflyasiya ikirəqəmli idi. Bu ilin birinci rübündə 3,8 faizlik inflyasiya müsbət səviyyədədir. Elə etməliyik ki, makroiqtisadi sabitlik təmin olunsun. İstehlak qiymətlərinə nəzarət həmişə güclü olmalıdır. Bu istiqamətdə də çox müsbət addımlar atılmışdır. Həm iqtisadi tədbirlər görülməklə, eyni zamanda, istehlak qiymətlərinə ciddi nəzarət etməklə süni qiymət artımının qarşısının alınması məsələləri daim diqqət mərkəzində olmalıdır ki, Azərbaycan vətəndaşları 2010-cu ildə öz yaşayış səviyyəsini artıra bilsinlər.
Ölkəmizdə bütövlükdə sosial rifah məsələləri uğurla icra edilir. Birinci rübdə orta əmək haqqı qalxmışdır. Bu gün orta əmək haqqı 304 manat, yaxud da ki, 380 dollar təşkil edir. Hesab edirəm ki, bu, yaxşı nəticədir, yaxşı göstəricidir. Ancaq əlbəttə, ölkə iqtisadiyyatı elə inkişaf etməlidir ki, orta əmək haqqı da artsın. Ümid edirəm ki, biz həm dövlət tərəfindən görüləcək tədbirlər nəticəsində və özəl sektorun inkişafı sayəsində buna nail olacağıq. Bununla bərabər, hələ ki, qeydiyyata düşməyən işçi qüvvəsini qeydiyyata almaq və onlara da lazımi qanuni tədbirlər tətbiq etmək çox vacibdir. Hələ ki, iqtisadiyyatımızın müxtəlif sektorlarında işləyənlərin bir hissəsi qeyri-qanuni işləyir. Yəni maaşları qanuni şəkildə almır və beləliklə, həm vergilərdən yayınırlar, həm də bu proseslər istər-istəməz bugünkü real sosial vəziyyəti əks etdirmir. Çünki bu gün xüsusilə inşaat sektorunda, baxmayaraq ki, ciddi tədbirlər görülüb, hələ bu sahədə böyük nöqsanlar vardır. Elə etməliyik ki, həm bu sektorda və başqa sektorlarda - ticarət, ictimai-iaşə obyektlərində işləyən hər bir vətəndaş maaşı zərfdə deyil, qanuni şəkildə alsın, onun vergisini ödəsin. Beləliklə, əminəm ki, əgər biz buna maksimum dərəcədə nail ola bilsək, - deyə bilərəm ki, heç bir ölkədə, ən inkişaf etmiş ölkədə buna nail olmaq mümkün deyil, - bu, büdcəmizə həm əlavə vəsait gətirəcək, eyni zamanda, statistik göstəricilərimiz daha da dolğun olacaqdır.
Əslində bu gün, hətta indiki tənzimləmə üsulları ilə statistik göstəricilərimiz, demək olar ki, real vəziyyəti əks etdirir. Azərbaycanda yoxsulluq səviyyəsi 11 faiz səviyyəsindədir. Ancaq mən əminəm ki, əgər biz bu sahədə tam şəkildə şəffaflığa nail olsaq görərik ki, yoxsulluğun səviyyəsi ondan da aşağıdır. Çünki bu gün qeydiyyata düşməyənlər, qeyri-rəsmi qaydada maaş alanlar o statistikaya daxil edilmir, sanki yoxsul təbəqə kimi göstərilir. Əgər biz bu sahədə ciddi irəliləyişə nail olsaq, bu, hər cəhətdən daha yaxşı olacaqdır.
Bu sahədə müəyyən işlər görülüb. Ancaq bu işlər kampaniya xarakteri daşımamalıdır.Xatırlayıram, mənim bir çıxışımdan sonra bu sahədə çox ciddi tədbirlər görülməyə, ciddi nəzarət tətbiq edilməyə başlamışdı. Ondan altı-yeddi ay keçəndən sonra elə bil ki, nəzarət sanki bir az zəiflədi və biz bir növ yenə də elə köhnə vəziyyətə qayıtdıq. Yəni, bu məsələ daim ciddi araşdırılmalıdır", dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev onu də qeyd edib ki, ilin sonuna qədər nəzərdə tutulmuş əsas investisiya, infrastruktur layihələrimiz başa çatmalıdır.

"Bu layihələr çox geniş sahələri əhatə edir. Bütün istiqamətlərdə yollar salınır. Bu il İpək yolu, yəni Bakı-Gürcüstan sərhədi yolu istismara verilməlidir. Bakı-Rusiya sərhədi yolu tamamlanmalıdır. Onun böyük hissəsi artıq tikilibdir, qalan hissələr başa çatmalıdır. Bakı-Şamaxı yolunun genişləndirilməsi nəzərdə tutulur. Bu yaxınlarda nəqliyyat naziri mənə məlumat vermişdir. Bu da çox vacibdir. Biz yolu yaxşı çəkdik, amma gərək genişləndirək, dördzolaqlı edək. Bu yolun davamı olan Şamaxı-Qəbələ yolunun böyük hissəsinin tikintisi bu il başa çatmalıdır və ondan sonra bu yol Balakənə qədər davam etməlidir.
Düzdür, verilən məlumata görə, son zamanlar sürüşmələr çox fəal xarakter alıb. Bu, təbii prosesdir. Sürüşmələr bu yolları - yeni çəkilmiş yolları dağıdır. Həmçinin imkan vermir ki, biz bu yolları vaxtında istismara verək. Ancaq yəqin ki, bu məsələyə gərək daha da ciddi diqqət yetirək. Əvvəllər bu, çox nadir hallarda baş verirdi, epizodik xarakter daşıyırdı. Bu gün isə görürəm ki, bütün istiqamətlərdə sürüşmələr artıq kütləvi xarakter alır. Biz buna daha da ciddi hazır olmalıyıq. Yeni yol marşrutlarını müəyyən etməliyik ki, sürüşmə zolağından yan keçsin.
Magistral yollara gəldikdə, bu, demək olar ki, layihələr, proqramlar əsasında həll olunur. Bu, həm uzunmüddətli inkişaf strategiyamızda vardır, həm də ki, hər ilin investisiya proqramında. Elə etməliyik ki, rayondaxili yollar, kənd yolları da təmir olunsun, salınsın. Bu sahə yerli icra orqanlarının sərəncamındadır. Onlara da lazımi səviyyədə vəsait verilməlidir ki, o işləri görsünlər. Eyni zamanda, bu işlər bələdiyyələrin xətti ilə görülməlidir. Əslində kənd yollarını bələdiyyələr inşa etməlidir. Azərbaycan dövləti bu funksiyanı öz üzərinə götürüb ki, məsələni tezliklə həll edək. Ancaq, bu, əslində bələdiyyənin işidir. Onlar yığılan vəsait hesabına kənd yollarını abad vəziyyətə salmalıdırlar və bu sahəyə dövlət nəzarəti daha da ciddi olmalıdır.
Digər infrastruktur layihələrinin icrası ilə bağlı konkret tapşırıqlar verilib, onları təkrar etmək istəmirəm, içməli su, kanalizasiya, qazlaşdırma. Oğuz-Qəbələ-Bakı su kəməri bu il istismara verilməlidir. Yəni, bütün bu işlər plan üzrə gedir. Sosial infrastrukturun yeniləşməsi, olimpiya kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları - bunlar da vaxtında, proqram üzrə yüksək keyfiyyətlə icra edilməlidir.
Bakıda nadir bayraq meydanı yaradılır. Bu, doğrudan da dünyada nadir bir memarlıq abidəsi olacaqdır. Bayraq meydanının ümumi torpaq sahəsi ilə birlikdə ərazisi, haradasa 60 hektara yaxındır. 60 hektar ərazidə böyük abadlıq, quruculuq işləri aparılır. Parklar salınır, yollar çəkilir, dənizkənarı bulvarlar salınır. Çox nəhəng layihədir. Meydanın özünün alt hissəsinin ölçüləri təxminən 6 hektardır. Bayraq yerləşən meydanın ölçüləri isə, təxminən 3 hektara bərabərdir. Nadir, dünyada analoqu olmayan layihədir. Dirəyin hündürlüyü dünyada ən hündür səviyyədə olacaqdır. Bayrağın ölçüləri, müqayisə üçün deyə bilərəm ki, bir futbol meydançasının ölçülərinə bərabərdir. Yəni, sözün əsl mənasında, nadir memarlıq abidəsi olacaqdır. Çox sevindirici haldır ki, baxmayaraq, bu layihəni xarici şirkətlər təqdim etmişlər, bütün işləri yerli şirkətlər icra edirlər. Bu, onu göstərir ki, bizdə həm texnika, həm də peşəkarlıq vardır. Bütün lazımi tədbirlər görülür. Ümid edirəm ki, bayraq meydanı bu il hazır olacaq, müstəqilliyimizi, müstəqil həyatımızı əks etdirən ən önəmli rəmzlərdən birinə çevriləcəkdir.
Burada qeyd olunduğu kimi, regional inkişaf proqramını biz keçən ay geniş müzakirə etdik. Sahibkarlığın inkişafına dair müxtəlif tapşırıqlar verilmişdir. Bütün dövlət qurumları bu istiqamətdə öz vəzifələrini bilirlər. Bu il də nəzərdə tutulan kreditlər vaxtında verilməlidir. Aqrolizinqlər, aqroservislər kənd təsərrüfatı texnikası ilə təmin edilməlidir, damazlıq heyvanlar alınmalıdır, gübrələr, subsidiyalar verilməlidir. Kənd təsərrüfatı, sahibkarlıq, regional inkişaf bir-biri ilə bağlı olan məsələlərdir. Əgər nəzərdə tutulmuş bütün tədbirlər görülərsə, - nəzərə alsaq ki, maliyyə resursları da vardır, - bu sahədə daha da müsbət irəliləyiş əldə olunacaqdır", Azərbaycan Prezidenti deyib.

İlham Əliyev bildirib ki, keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyulmalıdır, nəzarət gücləndirilməlidir.

"Son zamanlar bu nəzarət daha da güclüdür. Bunu biz də görürük, ictimaiyyət də görür. Bu, mətbuatda da işıqlandırılır. Keyfiyyətsiz idxal mallarına qarşı biz çox ciddi tədbirlər görməliyik, bir sədd qoymalıyıq ki, onlar Azərbaycana daxil olmasın. Azərbaycanda istehsal olunan keyfiyyətsiz mallara, o malları istehsal edənlərə qarşı ciddi tədbirlər görülməlidir. Bunu araşdırın. Bəlkə biz cəza tədbirlərini daha da sərtləşdirək. Çünki bu, insanların birbaşa sağlamlığına mənfi təsir göstərir. Zəhərlənmə halları baş verir və insanlar o işləri görənlərin ucbatından əziyyət çəkirlər. Ona görə idxala, keyfiyyət baxımından vaxtı keçmiş məhsulların Azərbaycana buraxılmamasına, yerlərdə saxta, yəni primitiv üsullarla hazırlanan qida məhsullarına çox ciddi nəzarət olmalıdır. Əlbəttə, bunu həm İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma Komitəsi icra etməlidir və yerli icra orqanları da bu işlərə çox ciddi dəstək verməlidirlər. Bu mallar rayon icra başçılarının, bələdiyyələrin, gözü qabağında satılır. Onlar dövlət qurumlarına, bilavasitə bu məsələ ilə məşğul olan qurumlara həm dəstək, həm də vaxtında siqnallar verməlidirlər. Çünki dövlət qurumları tərəfindən bütün istehsal sahələrini əhatə etmək çox çətindir. Bu gün Azərbaycanda özəl sahibkarlıq geniş vüsət alıb, minlərlə, on minlərlə müəssisələr, yeni istehsal sahələri yaradılır. Əvvəlki illərdə buna nəzarət etmək bəlkə daha asan idi, çünki o qədər də müəssisə fəaliyyət göstərmirdi. Bu gün isə bu, bizim ümumi işlərimiz olmalıdır. Biz insanların sağlamlığına ziyan verən istənilən amili aradan qaldırmalıyıq.
Biz ciddi ekoloji tədbirləri görürük. İlk növbədə ona görə ki, ekoloji vəziyyətin yaxşı olmaması insanlara mənfi təsir göstərməsin. Təmiz hava, təmiz su, təmiz ətraf mühit - biz bütün bunları ona görə edirik ki, insanların sağlamlığını qoruyaq. Yəni, bu sahəyə ciddi diqqət göstərilməlidir. Bu ildən biz Avro-2 standartına keçirik. Hesab edirəm ki, bu da çox vacib addımdır. Mən şəxsən hesab edirəm ki, biz bu sahədə bir az gecikmişik. Bunu daha əvvəl etməli idik. Ancaq burada obyektiv səbəblər vardır. Neftayırma zavodlarımız uzun illərdir ki, fəaliyyət göstərir. Orada istehsal olunan yanacaq imkan vermirdi ki, biz Avro standartlarına daha da sürətlə keçək. Ancaq həm zavodların modernləşdirilməsi prosesi gedir, eyni zamanda, yeni neftayırma kompleksinin tikintisi nəzərdə tutulur. Biz elə etməliyik ki, dünyada, Avropada mövcud standartlara maksimum dərəcədə yaxın olaq. Avro-2-yə keçmək, sadəcə olaraq birinci mərhələdir. Biz elə etməliyik, Avropa İttifaqında bu sahədə olan standartlara maksimum dərəcədə yaxın olaq.
Mütəmadi qaydada ekoloji monitorinq aparılmalıdır. Bu il geniş şəkildə ekoloji tədbirlər nəzərdə tutulur. Elə etməliyik ki, büdcədə bu məqsədlər üçün nəzərdə tutulan vəsait vaxtında verilsin. Çünki artıq ilin təxminən dörd ayı keçibdir. Çox işlər görülübdür. Xüsusilə, ağacəkmə ilə əlaqədar digər işlər görülübdür. Keçən dəfə dediyim kimi, biz artıq çirklənmiş göllərin təmizlənməsinə dərhal başlamalıyıq. Büdcədə vəsait nəzərdə tutulub. Elə etməliyik ki, bütün tender prosedurları tezliklə başa çatsın ki, bu işlər ləngiməsin",  dövlət başçısı deyib.

İlham Əliyevin deyib ki, Bakı buxtasının təmizlənməsi işləri də bu il ciddi aparılmalıdır.

"Bakı buxtasına çirkab axıdan kanalizasiya xətlərində ciddi tədbirlər görülməlidir, təmizləyici qurğular tikilməlidir. İndi aidiyyəti orqanlar təkliflər hazırlasınlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu yaxınlarda mənə Bakı buxtasına çirkab axıdan xətlərin xəritəsini vermişdir. Bu, dözülməz bir haldır. Bakı buxtası Bakının, ölkəmizin sərvətidir. Biz Bakı bulvarında geniş quruculuq işləri aparırıq. Dörd kilometr uzunluğu olan bulvarda çox müasir səviyyədə abadlıq-quruculuq işləri aparılır. Bakı bulvarı, mən şəxsən elə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır. Bakı buxtası Bakının əsas gözəlliklərindən biridir. Biz bulvar hissəsini genişləndirdik. Orada görülən tikinti işləri artıq imkan verir ki, insanlar düz dənizin qırağı ilə gəzə bilsinlər, dənizə yaxın olsunlar. Əvvəlki illərdə bu, belə deyildi. Yadınızdadır, orada daşlar qoyulmuşdu, dənizlə ünsiyyət mümkün deyildi. Ancaq bu gün elə şərait yaratmışıq ki, insanlar düz dənizin qırağı ilə gəzə bilirlər. Elə etməliyik ki, su təmiz, şəffaf olsun və heç bir qoxusu olmasın. Buna nail olmaq üçün orada bütün təmizləyici tədbirlər görülməlidir, özü də çox böyük sürətlə", Prezident bildirib.

İlham Əliyevi sözlərinə görə, bu ilin birinci rübündə neft-qaz sektorunda vacib hadisələr baş vermişdir.

"O hadisələr bir daha göstərir ki, neft-qaz strategiyamız həm uğurludur, həm uzunmüddətlidir. On beş ildən çoxdur ki, bu siyasət aparılır. Azərbaycanın neft-qaz yataqlarına maraq azalmır. Bu yaxınlarda xarici tərəfdaşlarla yeni layihələr, yeni yataqlar üzrə müqavilələr bağlanmışdır. Kəşfiyyat işləri aparılacaq, yeni investisiyalar qoyulacaqdır. "Çıraq" layihəsi özlüyündə böyük, ayrıca bir layihə kimi göstərilə bilər. Bu sahədə vəziyyət müsbətdir.
Qaz sektorunda görülən işlər həm ölkə daxilində, həm beynəlxalq əməkdaşlıq baxımından maraqlarımızı tam şəkildə təmin edir. Ölkə daxilində qazlaşdırma prosesi sürətlə gedir. Köhnə xətlər dəyişdirilir. Bəzi yerlərdə xətlər yerin üstündən salınmışdır. Bəzi hallarda əsas yollarda görürsən ki, xətlər yerin altından deyil, üstündən salınıb, tağ kimi yolu bağlayıb. Çox bərbad mənzərədir. Ona görə göstəriş vermişəm ki, ehtiyac olan yerlərdə bütün o xətlər təzələnsin, yerin üstündən çəkilmiş xətlər yerin altına salınsın. Biz inkişaf etmiş ölkələrdə görə bilərikmi, borular yerin üstündən salınsın, bütün mənzərəni pozsun, küçəni bağlasın. Gedirsən bəzi rayonlara, orada xətt, burada xətt, bu dözülməzdir. Ona görə burada ən qabaqcıl təcrübə tətbiq edilməlidir. Dövlət Neft Şirkətinə bütün göstərişlər verilib. Onlar bu işi başlayıblar. Həm smartkart əsasında müasir sayğaclaşma sisteminin quraşdırılması, qaz xətlərinin yeniləşməsi, təzyiqin tənzimlənməsi və s. Bu proqram bir neçə il ərzində başa çatmalıdır. Biz proqramın icrası nəticəsində qazlaşdırmanı daha da artıracağıq və qaz təsərrüfatında həm uçot, həm də ki, bütün başqa məsələlər müasir səviyyədə təşkil ediləcəkdir.
Bununla bərabər, bu ilin sonunadək yeraltı qaz anbarlarımızın tutumu 3 milyard kubmetrə qədər genişləndirilməlidir. Bu, çox böyük nailiyyətdir. Bir neçə il bundan əvvəl ehtiyatımız ancaq yarım milyard kubmetr həcmində idi. Yeraltı qaz anbarlarında aparılan işlər imkan verəcək ki, biz bu ehtiyatı 3 milyard kubmetrə çatdıraq. Gələcəkdə bəlkə ondan da böyük həcmdə olmalıdır. Amma hər halda 3 milyarda çatdırsaq, bu, bizim bütün ixrac məsələlərimizi daha da asanlıqla həll etməyə imkan verəcəkdir. Artıq qarşımızda məsələ durmur ki, qış aylarında özümüzü necə təmin edəcəyik. Bu problem yoxdur. İndi əsas vəzifəmiz bölgələrdə məntəqələri qazlaşdırmaq və ixrac imkanlarımızı genişləndirməkdir. Dövlət Neft Şirkəti bu istiqamətdə tədbirlər görür və bu il bizim ixrac imkanlarımız daha da genişlənibdir. Biz öz qazımızla yeni bazarlara çıxırıq, bizim qazımıza böyük tələbat vardır. Həm qonşuluqda, həm Avropada və başqa ölkələrdə. Ona görə nəzərə alsaq ki, bizim çox böyük qaz yataqlarımız, kəmərlərimiz, şaxələndirilmiş ixrac yollarımız vardır. Biz bu imkanlardan istifadə etməliyik. Nə qədər çox ixrac imkanlarımız olsa, bizim üçün o qədər yaxşıdır", dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti ümidini bildirib ki, "Cənub dəhlizi" layihəsi üzrə aparılan danışıqlar öz səmərəsini verəcəkdir.

"Bilirsiniz ki, Azərbaycan bu layihəni əvvəldən dəstəkləmişdir. "Cənub dəhlizi" deyəndə, bütün Qərb istiqamətində gedəcək layihələr nəzərdə tutulub. O layihələr çoxdur, ona görə onları bir-birindən ayırmaq, məncə, düzgün olmaz. Baxmayaraq ki, Avropada bəzi ölkələr hansısa bir layihəni dəstəkləyir. Bizim üçün, əslində bunun böyük fərqi yoxdur. "Cənub dəhlizi" deyəndə, biz həm Nabukkonu, həm Türkiyə-Yunanıstan-İtaliya, həm də Transadriatik layihələrini nəzərdə tuturuq. Artıq dünən Azərbaycan, Gürcüstan, Rumıniya arasında qaz nəqliyyatı üzrə memorandum imzalanmışdır. Ümid edirəm ki, bu layihə də uğurlu olacaqdır. Əslində bu layihə də "Cənub dəhlizi"nin bir parçasıdır. Biz bütövlükdə, bu istiqamətə "Cənub dəhlizi" kimi baxırıq və öz siyasətimizi buna uyğun şəkildə aparırıq.
"Cənub dəhlizi"nin tərkibində olan bəzi layihələri icra etmək üçün əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında qaz satışı və nəqli üzrə danışıqlar başa çatmalıdır. Danışıqlar uzun illərdir ki, gedir. Hesab edirəm ki, biz indiki mərhələdə danışıqları daha da sürətləndirməliyik. Elə etməliyik ki, dünyada, Avropada mövcud olan təcrübə tətbiq edilsin, istər qiymətlərin formalaşmasında, istərsə də nəqliyyat haqlarının razılaşdırılmasında. Bölgədəki tariflər bizim üçün bir nümunə ola bilər. Biz bu tarifləri bilirik. Qazın dünyada və bölgədə, Avropada, yaxın qonşuluqda bugünkü qiymətlərini bilirik. Qazın qiymətləri neftin qiymətinə bağlıdır və qazın qiyməti bu düstur əsasında hesablanır. Yəni ki, biz burada heç bir yeni şey icad etməməliyik. Bölgədə mövcud olan qiymətlər, uzun illər ərzində formalaşan qiymətlər, mövcud tranzit tarifləri bizim üçün danışıqlarda əsas olmalıdır. Biz bilirik ki, Avropada, Şərqi Avropada hansı ölkələrdən hara nə qədər qaz gedir, hansı tariflərlə gedir. Yəni, biz sadəcə olaraq özümüzü mövcud vəziyyətə uyğunlaşdırmalıyıq. Bölgədə, artıq bizdən daha əvvəl yaranmış qaz münasibətlərinə də öz töhfəmizi verə bilərik. Əlbəttə ki, bu danışıqlar zamanı qarşılıqlı maraqlar da nəzərə alınmalıdır. Azərbaycan tərəfi bu sahədə də konstruktivlik göstərir, müəyyən güzəştlər də edilə bilər. Yəni, bu, qaz biznesində mümkün olan məsələlərdir. Ancaq bu güzəştlər gərək əsaslandırılmış olsun. Bu güzəştlər mövcud olan başqa qiymətlərdən çox da fərqlənməməlidir.
Hesab edirəm ki, əgər biz bu prinsipləri rəhbər tutsaq və "Cənub dəhlizi"nin həyata keçirilməsində maraqlı olan tərəflər əgər fəallıq göstərsələr, mən hesab edirəm ki, biz tezliklə bu layihənin həyata keçirilməsinə nail ola bilərik. Əgər müəyyən səbəblər üzündən buna nail ola bilməsək, yenə də bu, Azərbaycan üçün faciə olmayacaqdır. Bizim bugünkü qaz hasilatımız daxili tələbatı ödəmək və mövcud olan kontraktları icra etmək üçün kifayətdir. Əlavə qaz ehtiyatlarımız hasil edilərkən biz, əlbəttə ki, müxtəlif istiqamətlərə baxmalıyıq, öz siyasətimizi müxtəlif istiqamətlər üzrə müəyyən etməliyik.
Biz çox istəyirik ki, "Cənub dəhlizi" layihəsi baş tutsun. Nəyə görə? Çünki, ilk növbədə bu, bizim qazımızdır. Bizim qazımız üçün etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən bazarlar lazımdır. İkincisi, əgər "Cənub dəhlizi" layihəsi baş tutarsa, o zaman biz, daha doğrusu, xarici tərəfdaşlarımız "Şahdəniz" yatağının ikinci fazasına investisiyaların qoyuluşuna başlayacaqlar. Çünki investisiyaların mütləq əksəriyyəti xarici tərəfdaşlar tərəfindən qoyulacaqdır. Onlar da hesablayırlar ki, bu, təxminən 20 milyard dollara yaxın olan investisiyalardır. Əlbəttə ki, Azərbaycan bundan fayda götürəcəkdir.
Əgər bu layihələr baş tutarsa, Azərbaycanda qazın hasilatı indikindən ən azı 16 milyard kubmetr çox olacaq və ümumi hasilatımız 40 milyardı keçəcəkdir. Ondan da çox ola bilər. "Cənub dəhlizi"nin həyata keçirilməsində ən maraqlı tərəf Azərbaycandır. Ona görə bəzi xarici kütləvi informasiya vasitələrində guya, Azərbaycanın burada, lazımi dərəcədə iştirak etməməsi barədə sifarişli yazıları görəndə bu, sadəcə olaraq bizi, necə deyərlər, çox peşman edir. Bunları ya bilməyərəkdən, ya kiminsə təhriki ilə, ya da ki, bilərəkdən yazırlar. Bu, birinci dəfə deyil ki, kiminsə səhv mövqeyi guya Azərbaycanın qeyri-konstruktiv yanaşması kimi təqdim edilir. Kiminsə günahı ucbatından layihənin baş tutmamasının, yəni reallaşmamasının səbəbini sonradan Azərbaycan üzərinə yıxmaq istəyirlər ki, bizi günahlandırsınlar. Tamamilə əsassızdır. "Cənub dəhlizi"nin həyata keçirilməsində ən birinci maraqlı tərəf, ölkə Azərbaycandır. Ona görə Avropada bu məsələlərlə məşğul olanlar məsələni ciddi təhlil etməlidirlər və görməlidirlər, kim burada səmimi davranır, kim isə sadəcə olaraq əsaslandırılmamış mənfəət əldə etmək üçün məsələni yubadır.
Mən hesab edirəm və dəfələrlə təklif etmişik ki, bütün maraqlı tərəflər - istər energetika nazirləri, istər neft-qaz, enerji şirkətləri, istər ekspertlər səviyyəsində yığışsınlar bir masa arxasına. Qoy onların hamısı yığışsın və öz mövqelərini bildirsinlər. Onda hamı üçün aydın olacaq ki, bu məsələyə əngəl törədənlər kimdir, layihəni icra etmək istəyənlər kim. Biz təklif etmişik və mən bu gün bir daha televiziya vasitəsilə bu təklifi səsləndirirəm. İstehsalçılar, tranzit ölkələr, istehlakçılar - biz yığışaq və bütün təkliflərimizi ifadə edək. Bir daha demək istəyirəm ki, biz azad rəqabət, bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarıyıq. Biz nəinki qaz sahəsində, bütün sahələrdə istəyirik ki, azad rəqabət və bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etsin. Bizim təklifimiz məhz bunun əsasında qurulubdur. Biz də bəzi başqa ölkələr kimi, reallığı əks etdirməyən təkliflər verə bilərdik. Biz onları vermirik. Yenə də demək istəyirəm, Azərbaycanın coğrafi vəziyyəti və infrastruktur imkanları elədir ki, biz öz qaz potensialımızı istənilən həcmdə, istənilən istiqamətdə reallaşdıra bilərik", İlham Əliyev qeyd edib.

Dövlət başçısı deyib ki, "Cənub dəhlizi" ilə bərabər, digər istiqamətlərlə bağlı tədbirlər görülür.

"Bilirsiniz ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını tarixdə ilk dəfə olaraq Rusiyaya ixrac etməyə başlamışdır. Hesab edirəm ki, bu da çox əlamətdar bir hadisədir. Çünki Rusiya dünyanın ən böyük qaz təchizatçısıdır. Ancaq uğurlu ikitərəfli əməkdaşlıq nəticəsində bu gün Azərbaycan Rusiyadan qaz almır, ancaq qazı ixrac edir və razılaşdırılmış həcm artıq böyüyür. Biz yarım milyard kubmetr qaz haqqında ilk razılaşmanı əldə etmişik. Bu gün biz onu iki dəfə artırmışıq. Gələn il əgər qarşılıqlı surətdə razılığa gələriksə, indiki həcmi yenə də iki dəfə artırmaq olar. Yəni, bizim imkanlarımız vardır. Bu istiqamət bizim üçün vacibdir.
Qonşu İranla qaz alqı-satqısı ilə bağlı danışıqlar aparılır. İranda da bizim qazımıza ehtiyac vardır. İran rəsmiləri də bu barədə açıqlamalar vermişlər. Bizim də istədiyimiz ondan ibarətdir ki, İranla - dost, qonşu ölkə ilə qaz sahəsində də ciddi əməkdaşlığa başlayaq. Bu əməkdaşlıq iki dost, qonşu ölkəni bir-birinə daha da yaxınlaşdıracaqdır. Eyni zamanda, bizim ixrac imkanlarımız daha da genişlənəcəkdir. Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, həm Rusiya, həm İran istiqamətinə qazın ixracatını daha da böyük həcmdə təşkil etmək üçün investisiyalar qoyulsun və texniki tədbirlər görülsün. Ona görə ki, texniki imkanlarımız bir az məhduddur. Çünki, İranla qaz əməkdaşlığı başlananda sadəcə olaraq mübadilə layihəsi icra edilirdi. İrandan Naxçıvana qaz verilirdi, biz isə Astaradan İran Astarasına qaz ötürürdük. Orada kompressor stansiyalarının həcmi o qədər də böyük deyildir. Yeni kompressorlar qoyulmalıdır, yeni xətlər çəkilməlidir. Bu, böyük investisiya tələb edən layihələrdir və Azərbaycan bunu öz üzərinə götürüb.
Eyni zamanda, Rusiya istiqamətinə qazın həcmini artırmaq üçün investisiyalar qoyulmalıdır. Bu, böyük investisiyalardır. Amma biz bunu etməliyik ki, öz qaz potensialımızı istənilən istiqamətdə maksimum dərəcədə realizə edə bilək. Dünən Rumıniyada Azərbaycan, Gürcüstan və Rumıniya arasında qaz əməkdaşlığı sahəsində anlaşma memorandumu imzalanmışdır. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma aparılmalıdır. Bu da çox perspektivli bir yoldur. Bu memorandumun tərkibində Azərbaycan qazını Avropa məkanına nəql etmək üçün Qara dəniz üzərindən mayeləşdirilmiş qazın ixracı nəzərdə tutulur. Burada da üçtərəfli əməkdaşlıq uğurlu ola bilər. Yəni, biz müxtəlif yolları arayırıq ki, Azərbaycan öz enerji potensialını maksimum dərəcədə işə sala bilsin. Yenə də deyirəm, bugünkü neft və qaz hasilatı, neft və qaz ixracı bizi qane edir. Əgər bundan artıq tədbirlər görülərsə, imkanlarımız daha da genişlənəcəkdir. Nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyi hər halda bu gün və ən azı növbəti 10 il ərzində daha çox qaz amilindən asılı olacaq, əlbəttə, burada hər tərəfin, iki ya üç tərəfin maraqları üst-üstə gəlməlidir, çox ciddi əməkdaşlıq formatı təşkil edilməlidir", Prezident nitqində söyləyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Dövlət İnvestisiya Proqramında və Azərbaycanın dövlət büdcəsində bütün əsas məsələlər öz əksini tapıb.

"Sadəcə olaraq bu gün Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm enerji baxımından vacib olan məsələlər ətrafında bir daha müəyyən müzakirələri apardıq, mən öz fikirlərimi bildirdim. Mən əminəm ki, biz növbəti üç ay ərzində həm dövlət büdcəsində, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan bütün sosial məsələlərin həlli işində plan üzrə, proqram üzrə addımlayacağıq və həmişə olduğu kimi, ölkəmizi inamla irəli aparacağıq, Azərbaycanın uğurlu dinamik inkişafını təmin edəcəyik", İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti