Azərbaycan, Bakı, 20 aprel /Trend/
Aprelin 22-dən etibarən Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu"nun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac başlanacaq. Hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Bu barədə BFB-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. İstiqrazlar cari qiymətlə (100,7222) satışa çıxarılacaq.
İstiqrazların ödənilmə tarixi 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.
AİF-in istiqrazların ikinci emissiyasının yerləşdirilməsinə 2010-cu il fevralın 1-də başlanılıb və bugünə qədər 20.000.000 AZN həcmində istiqraz yerləşdirilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75.000.000 AZN təşkil edir, istiqrazın nominal dəyəri 1.000 AZN, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.
Aprelin 20-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.