...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əmək miqrantlarının hüquqlarının müdafiəsi üzrə tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2010 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 2011-ci ildə MDB ölkələrinin analoji strukturları ilə əmək miqrantlarının hüquqlarının ikitərəfli müdafiəsi məqsədilə bir sıra sazişlər imzalamaq fikrindədir. Trend-in məlumatıan görə, bu barədə cümə axşamı AHİK sədri Səttar Mehbalıyev jurnalistlərə bildirib.

"Belə sazişlərin imzalanmasında əsas məqsəd başqa ölkələrdə Azərbaycandan olan əmək miqrantlarının hüquqlarının pozulması faktlarının aşkar edilməsidir", - Mehbalıyev deyib.

Onun sözlərinə görə, Konfederasiya ciddi hüquq pozuntuları, o cümlədən Polşa, Bosniya və Hersoqovinadakı azərbaycanlı əmək miqrantlarının normal əmək şəraitinin olmaması ilə bağlı faktlar aşkara çıxarıb. Bundan sonra təşkilat həmin ölkələrlə müvafiq sahələrdə ikitərəfli sazişlər imzalayıb.

AHİK artıq Rusiya ilə belə saziş imzalayıb və 2011-ci ildə Belarusla, eləcə də MDB-nin əksər ölkələri ilə sazişlərin imzalanacağı gözlənilir. Mehbalıyev deyib ki, azərbaycanlı miqrantlar əsasən bu ölkələrdə əmək fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər.

Onun sözlərinə görə, dünyada 200 milyondan çox adam öz ölkəsində yaşamır, onlardan 95 milyon nəfəri əmək miqrantlarıdır. Eləcə də, 1999-2007-ci illərdə Azərbaycandan 418 min əmək miqrantı gedib, 425 mini isə ölkəyə gəlib. Gedənlərin 58 faizi Rusiyada, 10 faizə qədəri Ukraynada, 4 faizi Gürcüstanda, 3 faizi Qazaxıstanda və digər ölkələrdə çalışır.

AHİK sədri bildirib ki, hazırda xarici əmək miqrantlarının Azərbaycana böyük axını müşahidə olunur, bununla əlaqədar ölkədə miqrasiya xidməti yaradılıb, "Miqrasiya haqqında" qanun işlənib hazırlanıb, eləcə də bu sahədə bir sıra digər tədbirlər görülür.

Ölkənin əmək bazarındakı vəziyyətə toxunan Mehbalıyev bildirib ki, əvvəlki illərlə müqayisədə ölkənin əmək bazarında işçilərin hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət yaxşılaşıb, bəzi şirkətlərdə pozuntular demək olar, sıfıra endirilib.

Bununla yanaşı, əsas pozuntular əməkhaqlarının gecikdirilməsi, bəzi işəgötürənlərin ikiqat mühasibat aparmasıdır.

AHİK gələcəkdə normal pensiya təminatı məqsədilə müəssisələrdə ikiqat mühasibatın aradan qaldırılmasını tələb etmələri üçün işçilər arasında daima maarifləndirmə işi aparır.

Xəbər lenti

Xəbər lenti