...

"Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin tikintisi uğurla həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2011 16:41 (UTC +04:00)
"Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisində heç bir problem yoxdur və işlər qrafikə uyğun gedir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Tbilisidə jurnalistlərə Türkiyənin nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırım bildirib.
"Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin tikintisi uğurla həyata keçirilir

Gürcüstan, Tbilisi, 26 yanvar /Trend, müxbir N.Kirsxaliya/

"Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisində heç bir problem yoxdur və işlər qrafikə uyğun gedir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Tbilisidə jurnalistlərə Türkiyənin nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırım bildirib.

Bu gün Tbilisidə "Bakı-Tbilisi-Qars" dəmir yolu magistralının tikintisi layihəsinin həyata keçirilməsi üzrə danışıqlar davam edib. Dünən danışıqlarda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın infrastuktur və regional inkişaf naziri Ramaz Nikolaişvili iştirak ediblər. Bu gün onlara Türkiyənin nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırım  qoşulub.

"Biz öz sahəmizdə artıq bütün lazımi və planla nəzərdə tutulan işləri görmüşük, plandan geri qalınmayıb", - Türkiyə naziri qeyd edib.

Öz növbəsində Nikolaişvili qeyd edib ki, Gürcüstan tərəfi də işləri qrafikə uyğun aparır.

"Artıq işin 53 faizi görülüb. Bunu uğurlu hesab etmək olar. Gürcüstan tərəfi 29 kilometr dəmir yolunu tikməli və uzunluğu 4,5 kilometr olan tunel çəkməlidir. Türkiyə tərəfi isə uzunluğu 70 kilometr olan tuneli çəkməlidir", - o, qeyd edib.

Nikolaişvilinin sözlərinə görə, indi Azərbaycan tərəfi ilə Gürcüstana verilən kreditin məbləğinin 200 milyon dollar artırılması haqqında danışıqlar aparılır, belə ki, işlərin dəyəri artıb.

Gürcüstan naziri işlərin yeni qiymətinin rəqəmini dəqiqləşdirməyib.

Öz növbəsində Azərbaycanın nəqliyyat naziri Məmmədov bildirib ki, tikilən yol regionun bütün ölkələri üçün dövlət əhəmiyyətlidir və Avropa və Asiya arasında birbaşa əlaqə yaratmağa imkan verəcək.

"Bu layihəyə üç ölkənin prezidentləri daimi diqqət yetirirlər və tikintinin gedişinə nəzarət edirlər", - vurğulayıb.

Məmmədovun sözlərinə görə, Gürcüstana əlavə kreditin ayrılması məsələsi artıq Gürcüstan və Azərbaycan maliyyə nazirləri səviyyəsində müzakirə edilir.

"Prezidentlər nazirlərə tapşırıq veriblər və güman edirəm ki, burada problem olmayacaq", - o, bildirib.

Məmmədov onu da deyib ki, indi vaqon çarxlarının standartlara uyğun gətirilməsi məsələsi həll edilir, belə ki Türkiyədə Avropa standartına uyğundur, Gürcüstan və Azərbaycanda isə dəmir yolunun çarxları genişdir.

"Türkiyədə çarxların dəyişdirilməsi məsələsinin həll ediləcəyi texniki stansiya tikilə bilər", - nazir bildirib.

Bir müddər əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbənin qeyd etdiyi kimi, Azərbaycan hökuməti dəmir yolunun Gürcüstana məxsus hissəsinin tikintisinin maliyyələşdirilməsinə əlavə 500 milyon dollar vəsait ayırmağa hazırdır. Dəmir yolunun Gürcüstana məxsus hissəsinin tikintisi üçün Azərbaycan ölkənin Neft Fondunun vəsaitlərindən artıq 200 milyon dollar ayırıb. Bu kredit illik bir faiz dərəcə ilə 25 il müddətinə nəzərdə tutulub.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti