Azərbaycan, Bakı, 23 fevral /Trend/
"Azərbaycan Dəmir Yolları" QSC Azərbaycandan şimal istiqamətində (Rusiya) qatarların müvəqqəti hərəkət qrafikini tətbiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü QSC-dən bildirilib.
Yeni qrafik fevralın 23-dən bu il martın 26-dək fəaliyyət göstərəcək. Martın 26-dan qatarların başqa hərəkət qrafiki tətbiq olunacaq.
Yeni qrafik "Rusiya Dəmir Yolları" Samur-Artezian (Şimali Qafqaz Dəmir Yolları) sahəsində fevralın 4-dən təhlükəsizliyin təmin olunması məqsədilə sutkanın gecə saatlarında sərnişin və yük qatarlarının hərəkətinin dayandırılması haqqındakı qərarı ilə bağlıdır.
Belə tədbirlərin görülməsi son vaxtlar Dağıstan ərazisində partlayış hallarının tez-tez baş verməsi ilə əlaqədardır.
Yeni cədvələ uyğun olaraq, 55-56 nömrəli "Bakı-Moskva" qatarı Bakıdan bazar ertəsi, çərşənbə və cümə günləri saat 19:55-də deyil, yerli vaxtla saаt 22:05-də çıxacaq. Qatar çərşənbə və cümə axşamları və bazar günləri saat 08:20-də deyil, 19:03-də Bakıya daxil olacaq.
31-32 nömrəli "Bakı-Kiyev" reysi Bakıdan çərşənbə axşamı deyil, çərşənbə günü saat 00:40 dəqiqədə çıxacaq və paytaxta çərşənbə axşamı saat 00:30-da daxil olacaq.
313-314 nömrəli "Bakı-Sankt-Peterburq" reysi çərşənbə günü deyil, cümə axşamı saat 00:40-da Bakıdan çıxacaq və çərşənbə günləri saat 19:03-də Bakıya daxil olacaq.
369-370 nömrəli "Bakı-Xarkov" reysi cümə axşamı deyil, cümə günləri saat 00:40-da yola düşəcək və paytaxta çərşənbə axşamları deyil, çərşənbə günləri saat 00:30-da daxil olacaq.
373-374 nömrəli "Bakı-Tümen" reysi Bakıdan hər gün saat 06:10-da çıxmayacaq və Bakıya saat 02:03-də deyil, 03:05-də daxil olacaq.
392-391 "Bakı-Tümen" reysi çərşənbə axşamları və bazar günləri saat 00:40-da yola düşəcək, Bakıya bazar ertəsi və şənbə günləri saat 19:03-da daxil olacaq.