...

Asiya İnkişaf Bankı Azərbaycanın su sektoru üçün üçüncü kreditin hazırlığına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İ.Xəlilova/

Asiya İnkişaf Bankı (AİB) avqust-sentyabr ayları ərzində Azərbaycanda su təchizatı və sanitar xidmətlər üçün multitranş maliyyələşdirmədən (MFF) 180 milyon dollar məbləğində ikinci tranşın hazırlığını başa çatdırmağı planlaşdırır. Bu barədə cümə axşamı Trend-ə AİB-in Bakı nümayəndəliyindən deyiblər.

Ölkə hökuməti ilə bu kredit üzrə məsləhətləşmələr iyunda gözlənilsə də, rayonlardan biri - maliyyələşdirilməsi MFF-in birinci tranşı çərçivəsində həyata keçirilən Göyçay üçün podratçının müəyyənləşdirilməsinin yubanması ilə əlaqədar ikinci tranşın hazırlığı avqustda başlaya bilər.

Hazırda Asiya bankı su təchizatı və sanitar xidmətlər sisteminin yaxşılaşdırılması üzrə iki layihəni maliyyələşdirib. Birinci layihənin ümumi dəyəri 39,9 milyon dollar təşkil edir. Bunun 30 milyon dolları AİB tərəfindən ayrılıb, 9,9 milyon dollar isə ölkə hökumətinin payına düşüb. Bu layihənin həyata keçirilməsi müddəti 30 iyun 2011-ci il tarixdə başa çatıb.

Beş il əvvəl təsdiqlənmiş layihənin bahalaşması ilə əlaqədar və bu rayonlarda işlərin tam əhatə olunması üçün MFF vəsaitləri hesabına bank tərəfindən 75 milyon dollar (birinci tranş), Azərbaycan hökuməti tərəfindən 25 milyon dollar ayrılıb.

İkinci tranş çərçivəsində layihədə rayonların siyahısının genişləndirilməsi gözlənilir və Ağdaş, Ağcabədi, Beyləqan və Balakən rayonlarının əlavə olunacağı nəzərdə tutulur.

Naxçıvanda tikinti işləri üçün "Gəmi Qaya" şirkəti podratçı seçilib, bu rayonda layihənin icraçısı isə NMR Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsidir. Keçirilən uğursuz tenderdən sonra Göyçay üçün su təchizatı sistemlərinin və sanitar xidmətlərin yaxşılaşdırılması üzrə işlərin həyata keçirilməsi üçün yeni smeta hazırlanıb, həmin sənədə görə, xərclər yenidən hesablanıb. "Azərsu" ASC tərəfindən keçirilən tender çərçivəsində podratçı şirkətlər tərəfindən təklif olunan qiymətlərə görə, xərclər real qiymətləri 100 faiz üstələyib.

AİB nümayəndəliyindən dediklərinə görə, "Azərsu" ASC artıq Göyçay üzrə tenderi bağlayıb və indi şirkətlərin təkliflərinin qiymətləndirilməsi aparılır.

Kreditin bankın Direktorlar Şurasında təsdiqlənməsi ilkin olaraq 2011-ci ilin üçüncü rübünün sonuna kimi gözlənilirdi.

MFF-in Azərbaycanın su təsərrüfatı üçün maliyyələşməsinin ümumi həcmi 2009-cu ilin sentyabrında Asiya İnkişaf Bankının Direktorlar Şurasında 600 milyon dollar həcmi ilə bəyənilib. Multitranş maliyyələşdirmə aydın strategiya və islahatlar proqramı ilə dəstəklənən mərhələli investisiyalar nəzərə alınmaqla, multitranş maliyyələşməsi AİB və Azərbaycan hökuməti arasında səkkiz illik əməkdaşlıq üçün əsas olub.

"Azərsu" SC-nin su layihəsi üzrə məsləhətçisi "AICO Consulting Ltd/European Consultans Organization" konsorsiumudur.

Xəbər lenti

Xəbər lenti