...

Bakıda tikinti və yenidənqurmanın miqyası heyrətləndiricidir - Ukrayna universitetinin rektoru

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2011 15:37 (UTC +04:00)
Müşahidə edilən və hamıya, o cümlədən də ali təhsil müəssisələrinə təsir edən qloballaşma və iqtisadi böhran şəraitində modernləşmə məsələləri böyük aktuallıq qazanır.
Bakıda tikinti və yenidənqurmanın miqyası heyrətləndiricidir - Ukrayna universitetinin rektoru

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir S.Ağayeva/

Müşahidə edilən və hamıya, o cümlədən də ali təhsil müəssisələrinə təsir edən qloballaşma və iqtisadi böhran şəraitində modernləşmə məsələləri böyük aktuallıq qazanır. Bu barədə çərşənbə günü Trend-ə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" beynəlxalq konfransında iştirak edən Ukraynanın Milli Nəqliyyat Universitetinin rektoru Nikolay Dmitriçenko deyib.

"Konfransın vaxtı uğurlu seçilib. Bu çətin sosial-iqtisadi şəraitdə təhsil və elmi qorumaq üçün indi çox böyük addımlar atmaq lazımdır. Bakı konfransı iqtisadiyyatın bir çox sahələrini, təhsil sahəsini, yəni kompleks məsələləri nəzərdə tutur", - Dmitriçenko bildirib.

Onun sözlərinə görə, modernləşməni mexanistik, texnokratistik yanaşmalarla ayrıca obyekt kimi nəzərdən keçirmək olmaz. Buna nümunə olaraq, bu il Yaponiyada "Fukusima 1" atom elektrik stansiyasında baş verən qəzanı göstərmək mümkündür.

"Bu, hamımız üçün zəngdir. Son fəlakətlər və qəzalar göstərir ki, təbiət artıq tab gətirmir. Biz təbiətlə münasibətlərimizi optimallaşdırmalıyıq", - Dmitriçenko qeyd edib.

Rektorun sözlərinə görə, modernləşmə prosesi ardıcıl prosesdir. Buna görə də modernləşmə məsələləri hərtərəfli yanaşmalar tələb edir.

"Mən Bakıda yenidənqurma və tikintinin miqyasından heyrətlənmişəm. Hesab edirəm ki, bu, doğru yoldur və Bakıda "Eurovision" mahnı müsabiqəsinin uğurla keçiriləcəyinə əminəm. Yollar və nəqliyyat dövlətin, həm də ümumilikdə ölkə və iqtisadiyyatın vena və arteriya damarlarıdır. Ukrayna Azərbaycan kimi tranzit ölkədir və ümumulikdə uğur bu sahədə kadrların hazırlığından asılıdır", - Dmitriçenko əlavə edib.

Rektorun Bakıya səfəri çərçivəsində Ukraynanın Milli Nəqliyyat Universiteti və Azərbaycanın Texniki Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

"Saziş Bolonya prosesi çərçivəsində əməkdaşlığı nəzərdə tutur. Ukrayna və Azərbaycan təhsil və elmin Bolonya sisteminin prinsiplərini fəal həyata keçirir. Bu əməkdaşlıq tələbə, professor-müəllim heyəti mübadiləsinə imkan verəcək ki, bu da iki ölkə üçün çox vacibdir", - Dmitriçenko söyləyib.

Onun sözlərinə görə, Ukraynanın Nəqliyyat Universitetində təhsil alan xarici tələbələrin sayı baxımından Azərbaycan ikinci yeri tutur.

"Biz onların sayının həm əyani, həm də qiyabi təhsil formasında artırılmasında maraqlıyıq. Mən rektor kimi azərbaycanlı tələbələrin bizim ali məktəbimizdəki təhsilindən çox razıyam", - rektor deyib.

Onun sözlərinə görə, sazişin daha bir maddəsi Bolonya sistemi üzrə beynəlxalq layihələrdə birgə iştirakdır. "Biz bir neçə il əvvəl Avropa Şurası tərəfindən maliyyələşdirilən TEMPUS proqramı üzrə TRACECA layihəsində işləmişik", - rektor nəzərə çatdırıb.

"Biz tədris metodları ədəbiyyatının mübadiləsini aparacağıq. Bu, Bolonya sistemi üzrə iş şəraitində çox vacibdir. Belə ki, tədris prosesinin təşkilinə yanaşmalarımızı yenidən nəzərdən keçirmək lazımdır. Əməkdaşlığın digər sahəsi kompüterləşmə, kommunikasiya və məlumatlandırma məsələləri olacaq", - Dmitriçenko qeyd edib.

Xəbər lenti

Xəbər lenti