Azərbaycan, Bakı, 12 yanvar /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız ərzaq malları aşkar olunub.
Bakının Nəsimi, Xətai, Nizami, Nərimanov, Xəzər, Yasamal rayonlarında, Gəncə, Quba, Şəki şəhərlərində, eləcə də Ağdam, Ağdaş, Salyan rayonlarında aparılan yoxlamalar zamanı ümumi çəkisi 370 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Bundan başqa, qeyd olunan obyektlərdə satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.