...

Metanol alternativ yanacaq kimi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 13:00 (UTC +04:00)
Ağac spirti kimi tanınan metanol ABŞ-ın 1992-ci ildə qəbul olunmuş "Energetika sahəsində siyasət haqqında" Qanunu çərçivəsində alternativ yanacaq kimi qiymətləndirilmişdir.
Metanol alternativ yanacaq kimi

Azərbaycan, Bakı, 15 mart /Trend/

Ağac spirti kimi tanınan metanol ABŞ-ın 1992-ci ildə qəbul olunmuş "Energetika sahəsində siyasət haqqında" Qanunu çərçivəsində alternativ yanacaq kimi qiymətləndirilmişdir.

Metanolun əsasını molekulundakı hidrogen atomlarından birinin hidroksil radikalı ilə əvəzlənmiş metan qazı təşkil edir.

ABŞ-da metanol 1965-ci ildən bəzi nəqliyyat vasitələri (məsələn, yarış avtomobilləri) üçün M100 və ya M85 şəklində yanacaq kimi istifadə olunur. Çoxyanacaqlı mühərrikli (FFV) avtomobillər, yəni həm ənənəvi benzin, həm də M85 yanacağı və yaxud bu iki yanacaq növünün istənilən formada birləşdirilməsi ilə işləyən avtomobillər hələ 1978-ci ildə Ford Motor şirkəti tərəfindən işlənib hazırlanmışdır.

FFV avtomobillər əsasən ABŞ-ın xam neftdən asılılığının azaldılması məqsədilə, eləcə də havaya karbon oksidinin və ozon əmələ gətirən tullantıların azaldılmasına imkan yaratdığına görə istehsal olunurdu.

Metanolun istehsalı üçün müxtəlif xammallardan istifadə etmək mümkün olsa da, bugünkü iqtisadiyyat onun təbii qazdan alınmasına üstünlük verir. Beləliklə, metanol təbii qazın buxarla riforminq prosesindən keçirilərək sintez-qazın əmələ gəlməsi, sonra isə bu sintez-qazın katalizatorun iştirakı ilə reaktora verilməsi yolu ilə istehsal olunur. Bu prosesin nəticəsində metanol və su buxarı alınır.

Daxili yanma mühərriklərində yanacaq kimi istifadə olunduğu zaman metanol etanola oxşar olan kimyəvi və fiziki xarakteristikalara malik olur.

Metanol həm də metil-üçlü-butil efirinin istehsalı üçün istifadə oluna bilər. Metil-üçlü-butil efiri benzinlə qarışdırıldıqda onun oktan ədədini artıran və nəticədə daha təmiz yanan yanacaq əmələ gətirən oksigentərkibli birləşmədir.

Metanolun fiziki və kimyəvi xarakteristikaları onun alternativ yanacaq növü kimi istifadəsi zamanı bəzi üstünlüklər verir, məsələn, istehsal xərclərinin nisbətən daha az olması və alışma riskinin benzinlə müqayisədə daha aşağı olması.

Digər tərəfdən, metanoldan hidrogen almaq olar və hal-hazırda tədqiqatçılar yanacaq elementləri ilə işləyən gələcəyin nəqliyyat vasitələri üçün metanolun hidrogen yanacağı mənbəyi kimi istifadə olunmasının qarşısında duran maneələri dəf etmək üçün yollar axtarırlar.

Dünyanın Casio, Panasonic, Toshiba və Sony kimi qabaqcıl texnoloji şirkətləri artıq metanolla işləyən yanacaq elementlərinin və mobil telefonlar, noutbuklar üçün akkumulyatorların istehsalına başlamışlar.

Mənbə: Alternativ enerji mənbələri haqqında sayt www.alternative-energy-fuels.com

Xəbər lenti

Xəbər lenti