...

Bakıda posterminalların quraşdırılması yaxın 15-20 gün ərzində başa çatdırılacaq - Fazil Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 00:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda vergilər naziri Fazil Məmmədov çıxış etmişdir.

Nazirin sözlərinə görə, 2011-ci il yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı verdiyiniz tapşırıqların icrası ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir ki, artıq vergi və rüsumların ödəniş kartları vasitəsilə internet üzərindən ödənilməsi ilə bağlı işlər yekunlaşdırılmışdır.

""İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna edilmiş dəyişikliklərlə əlaqədar ölkə başçıının müvafiq Fərmanı ölkəmizdə posterminalların tətbiqi ilə bağlı işləri daha da sürətləndirmişdir. İqtisadiyyatda nağd hesablaşmaların minimuma endirilməsi barədə cənab Prezident, Sizin tapşırıq və tövsiyələriniz biznes qurumları və vətəndaş cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla posterminalların quraşdırılmasında fəallıq nümayiş etdirilir.

Hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaq doldurma məntəqələrində və digər sahələrdə posterminalların quraşdırılması təmin edilir. Artıq Bakı şəhərində posterminal quraşdırılmalı 25 445 aktiv obyektin 18 minində və ya 71 faizində, turizm sektoruna aid olan obyektlərin isə 90 faizindən çoxunda posterminallar fəaliyyət göstərir. Qalan obyektlərdə isə yaxın 15-20 gün ərzində posterminalların quraşdırılması başa çatdırılacaqdır. Beləliklə, 6-10 min arası əlavə posterminal fəaliyyət göstərəcəkdir.

Görülmüş işlər nəticəsində respublika üzrə posterminalların sayı artıq 23 mini ötmüşdür. Cari ilin birinci rübü ərzində quraşdırılmış posterminalların sayında 2011-ci ilin müvafiq dövrünə nisbətən 9,3 dəfə, o cümlədən regionlarda 4,6 dəfə artım müşahidə edilmişdir. Prosesinq mərkəzləri tərəfindən əvvəllər gün ərzində maksimum 15-20 posterminalın qeydiyyatının aparılması mümkün olduğu halda, hazırda elektron prosedurların tətbiqi nəticəsində bu rəqəm 400-ə çatdırılmışdır", - Məmmədov bildirib.

Nazirin sözlərinə görə, onlar bir neçə çox vacib texniki məsələlərdir, banklarla birlikdə işlənilib. Azərbaycanda dörd prosessinq mərkəzi vardır. Qısa müddət ərzində həmin texniki vəsaitlər Finlandiyadan gətirildi. Onlar banklara inteqrasiya olundu, lazım olsa, bu rəqəmi hətta 500-dək çatdırmaq imkanımız vardır. Əminliklə deyə bilərik ki, bunlar banklarla birlikdə çox fəal işləyir.

Nazirlər Kabinetinin yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında müvafiq Qərarının icrası ilə əlaqədar çek vurulmadan neft məhsullarının və maye qazın buraxılmasını istisna edən nəzarət-kassa aparatlarının tətbiqinə başlanılmış, artıq mövcud yanacaqdoldurma məntəqələrinin 67,8 faizində bu tipli aparatların quraşdırılması təmin edilmişdir.

Xəbər lenti

Xəbər lenti