...

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının iclası başa çatıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 08:21 (UTC +04:00)
Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının III iclası başa çatıb.
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının iclası başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının III iclası başa çatıb. Bu barədə Trend-ə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası tərəfindən maliyyə naziri Samir Şərifovun, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

İclasın birinci hissəsində çıxış edən amerikalı həmsədr Robert Hormats ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduqlarını, əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd edib.

Robert Hormats bildirib ki, Azərbaycan son illərdə böyük iqtisadi nailiyyətlər əldə edib ki, bu da çox təqdirəlayiqdir. Amerikalı həmsədr bütün bu nailiyyətlərə məhz Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi sayəsində nail olunduğunu bildirib. Qeyd edib ki, bu göstəricilər Dünya Bankının 2011-ci il üzrə hesabtlarında öz əksini tapıb və bankın ekspertləri tərəfindən yüksək qiymətləndirilib.

"ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. İki ölkə təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini daha da artırır", - o deyib.

İclasda çıxış edən Azərbaycan tərəfindən komissiyanın həmsədri Samir Şərifov bildirib ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənib və dərinləşib, Azərbaycanla Birləşmiş Ştatların münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nazir ABŞ-Azərbaycan arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün iki ölkənin liderləri tərəfindən siyasi iradənin nümayiş etdirildiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın üzvlərinə ABŞ və Azərbaycan arasındakı hazırkı əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağı tapşırıb.

Şərifov Azərbaycan Respublikası ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının bu ay 20-ci ilinin tamam olduğunu xatırladaraq bu günə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlərin imzalandığını, çoxşaxəli əməkdaşlıq üçün müvafiq normativ hüquqi bazanın yaradıldığını və bu əməkdaşlıqda konkret nəticələrə nail olunduğunu vurğulayıb. Qeyd olunub ki, bütün bunların nəticəsi olaraq bu gün Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ticarət üzrə ən mühüm tərəfdaşlarından biridir. 2011-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,4 milyard ABŞ dollarına bərabər olub.

Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli sahəsində əhəmiyyətli rolu olan irimiqyaslı transmilli layihələrin həyata keçirilməsində Birləşmiş Ştatlarının hərtərəfli dəstəyinin Azərbaycan üçün çox qiymətli olduğunu deyən Şərifov bildirib: "Azərbaycan ABŞ ilə münasibətləri həmişə diqqətdə saxlayır və onun strateji dostluq, tərəfdaşlıq, birgə fəaliyyət münasibətləri olmasına daim öz töhfəsini verir. Əminik ki, regional enerji təhlükəsizliyinin gücləndirilməsi, demokratik, hüquqi dövlət quruculuğu xəttinin davam etdirilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa "907-ci düzəliş"in hələ də qüvvədə olduğunu təəssüflə qeyd edən Şərifov bildirib ki, artıq "907-ci düzəliş"in ləğv edilməsinin vaxtı çatıb. "Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və "907-ci düzəliş"in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil. Bu maddənin ləğvi ölkələr arasında münasibətlərinin möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaq".

Şərifov həmçinin qeyd edib ki, ABŞ strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycan dair diskriminasiya xarakterli və köhnəlmiş Cekson-Venik tələblərini də aradan qaldırmalıdır. "1974-cü ildə qəbul olunan bu düzəliş yəhudilərə mühacirət etməyə imkan verməyən SSRİ ilə ticarət əlaqələri yaratmağı qadağan edirdi. SSRİ dağılsa da, yəhudilərin mühacirətinə qoyulan qadağalar qüvvədən düşsə də, Cekson-Venik düzəlişi sonradan bəzi respublikalara tətbiq olundu", - o deyib. Bu düzəlişin bir sıra ölkələrə şamil olunub, digərlərinə şamil olunmamasının müəyyən suallar doğurduğunu vurğulayan komissiyanın həmsədri bildirib ki, Dövlət Departamenti tərəfindən Konqres qarşısında məsələ qaldırılmalı və nəhayət bu düzəlişinin ləğv edilməsinə nail olunmalıdır.

Komissiya üzvləri gələcək əməkdaşlıq sahələrini daha da genişləndirmək məqsədilə nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, nağd ödənişlər, qiymətli kağızlar bazarının modernləşdirilməsi, pensiya islahatları və maliyyənin idarə edilməsi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da sürətləndirilməsi, müvafiq sənədlərin layihələrinin baxılması prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər.

İclasda hər iki tərəfin müvafiq strukturlarını təmsil edən nümayəndələr Yeni İpək Yolu konsepsiyası, 2020-cu ilə strateji baxış, əməkdaşlığın inkişafı imkanlarının və CAREC-in iş planı, ticarət və investisiya mühiti, turizm, informasiya texnologiyaları, nəqliyyat, aviasiya, infrastruktur layihələrin inkişafı, gələcək yardım proqramları, birgə maliyyələşdirmə və digər sahələrdə aparılan islahatlarla bağlı təqdimatlarla çıxış ediblər. ABŞ tərəfi Yeni İpək Yolu təşəbbüsü kontekstində Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrin regional nəqliyyat şəbəkələrinin inkişafına töhfə verəcəyini qeyd edib. Cənubi və Mərkəzi Asiya regionları üzrə dövlət katibinin müavini Robert Bleq qeyd edib ki, Amerika hökuməti Azərbaycan rəhbərliyi tərəfindən möhtəşəm infrastruktur layihələrin həyata kecirilməsini, ilk növbədə, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsini yüksək qiymətləndirir və hesab edir ki, Yeni İpək Yolu konsepsiyasının uğurlu həyata kecirilməsində bu layihə müstəsna əhəmiyyət daşıyır.

Günün ikinci yarsında energetika sektoru üzrə əməkdaşlıqla bağlı aparılan müzakirələr zamanı çıxış edən ABŞ-ın energetika nazirinin müavini Patrikia Hoffman bildirib ki, Azərbaycan regionda əsas enerji ixracatçısı kimi ABŞ ilə müştərək məqsədlər güdür və bu məsələ ölkəsi üçün böyük əhəmiyyət daşıyır. Birləşmiş Ştatların qlobal enerji infrastrukturlarının qorunması ilə bağlı xüsusi proqramının olduğunu xatırladan xanım Hoffman sözügedən proqram çərçivəsində Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. "Hazırda Azərbaycanda olan qlobal enerji infrastrukturlarının zəlzələdən, mümkün terrorçuluq fəaliyyətlərindən və digər bu kimi hallardan daha peşəkar səviyyədə qorunmasına ehtiyac var. ABŞ bu sahədə öz təcrübəsini Sizinlə bölüşməyə hazırdır. Çünki Azərbaycanın təhlükəsiz bir şəkildə Avropaya neft və qaz nəql etməsi hər iki ölkənin ortaq məqsədidir", - o deyib.

Dövlət katibi müavininin köməkçisi Xose Fernandes Azərbaycanın son illərdə qazandığı böyük iqtisadi uğurlardan bəhs edib, xüsusilə, ölkədə yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər qazanıldığını bildirib. Qeyd edib ki, ABŞ regionda iqtisadi baxımdan qüdrətli və firavan Azərbaycan görməkdən məmnundur.

Dövlət katibi müavininin köməkçisi Villiam Kraft isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün ABŞ tərəfindən dəstəklədiyini bəyan edərək ölkəsinin Azərbaycana həm texniki, həm də digər məsələlərdə kömək göstərəcəyini vurğulayıb.

Tərəflər, həmçinin müəllif hüquqlarının qorunması, rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlarını ifadə edib, bu sahədə təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə ediblər.

Komissiyanın iclası çərçivəsində Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardımın göstərilməsini nəzərdə tutan qrant sazişi imzalanıb.

Qeyd edək ki, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyası ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti Arasında İqtisadi Əməkdaşlıq Komissiyasının Yaradılması Haqqında Əməkdaşlıq Memorandumu" əsasında yaradılıb və komissiyanın birinci iclası 7 fevral 2007-ci ildə Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti